AZ

Gürcüstan hökuməti geri çəkilir? (ŞƏRH)

"Gürcü Arzusu"nun yeni hökumət qurması üçün hazırda heç bir təhlükə yoxdur ki, İrakli Kobaxidzenin bu açıqlaması Gürcüstan hakimiyyətinin geri çəkilməsi anlamına gəlsin".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstan baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına ünvanlanaraq, qanunların hüquqi prinsiplərə və Avropa dəyərlərinə uyğun olmaması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim olunarsa, hökumətin həmin qanunları yenidən nəzərdən keçirməyə hazır olduğu barədə fikirlərini şərh edərkən deyib.

"Gürcüstan hökumətinin qeyri-rəsmi rəhbəri Bdzina İvanişvilinin bütün bəyanatlarında bildirilir ki, Tiflisin səmti Avropa İttifaqınadır. Gürcüstan Konstitusiyasında da Avropa səmtinin milli məqsəd olduğunu təsdiq edən müddəa da "Gürcü Arzusu"nun hakimiyyətdə olduğu dövrdə qəbul olunub. Seçkiqabağı mitinqlərin birində də İvanişvili Tiflisin mütləq Aİ-yə üzv olacağını deyib. Hər dəfə də deyib ki, Tiflis Aİ-yə gedir, amma öz şərtlərilə, öz milli xüsusiyyətlərini qorumayaraq gedirlər. Kobaxidze də öz rəhbərinin sözlərini təkrar edib. O da Tiflisin öz şərtlərilə Aİ-yə getdiyini təsdiqləyib. Aİ Avropada normal hesab edilən "dəyərlər"i öz üzvlərinı sırımamalıdır. O cümlədən, ailə dəyərləri, nikah, cinsi azadlıqlar məfhumunu da sırımamalıdır. Hər bir xalqın öz dəyərləri var. Aİ həmçinin üzv dövlətlərin xarici siyasət kursunu da tam şəkildə müəyyənləşdirməməlidir", deyə Zərdüşt Əlizadə bildirib.
 
 

Bu səbəbdən həmsöhbətimizin fikrincə, Kobaxidzenin açıqlaması heç də Gürcüstan hökumətinin geri çəkilməsi kimi nəzərdən keçirilməməlidir:

"Onun bu açıqlama ilə hansısa bir gözlənilən təhlükəni dəf etmək məqsədi də yoxdur. Çünki "Gürcü Arzusu"nun hazırkı mərhələdə yeni hökuməti qurması üçün heç bir təhlükə yoxdur. Müxalifət pərakəndədir, zəifdir, onun güclü lideri də yoxdur".

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze İtaliyanın "Sky" kanalına verdiyi müsahibədə Gürcüstan hökumətinin tamamilə Avropayönümlü olduğunu və Avropa inteqrasiyasını prioritet kimi gördüyünü vurğulayıb. Kobaxidze bildirib ki, hökumət qanunların hüquqi prinsiplərə və Avropa dəyərlərinə uyğun olmaması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim olunarsa, həmin qanunları yenidən nəzərdən keçirməyə hazırdır. "Bizim üçün burada seçim yoxdur, çünki Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi Avropa inteqrasiyasını müəyyən edir və hər bir hökumət bu istiqamətdə bütün səylərini göstərməlidir. Hökumətimiz tamamilə Avropayönümlüdür", deyə baş nazir qeyd edib. 

Rüfət Sultan

Seçilən
12
qaynarinfo.az

1Mənbələr