AZ

Sülh bu şərtlərlə imzalanacaq: Bakının tələbi belədir

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ətrafında müzakirlər davam edir. Keçmiş dövrlərə aid müxtəlif versiyalar gündəmə gətirilir. Hər iki tərəfin qəbul edəcəyi konret bir tarix üzərində dayanmaq nə dərəcədə realdır?

- 1920-ci ildən 1991-ci ilə qədər davam edən sovet dövrünə aid müxtəlif xəritələr var. Amma burada hansı dövrün xəritəsi ilə Azərbaycan və Ermənistan arasında konkret sərhəd xəttinin çəkiləcəyini söyləmək çox çətindir. Çünki sərhədlərin dəqiqləşməsinə dair müxtəlif yanaşmalar var. Ola bilsin ki, ayrı-ayrı hissələrə dair müxtəlif dövrlərin xəritələrinə istinad edilsin. Sözsüz ki, hər iki tərəfdən sərhəd komissiyası bununla bağlı iş aparmalıdır.

- Sülh prosesi uzansa, nə baş verəcək? İki dövlət arasında konkret sülh müqaviləsinin olmaması ehtimalı varmı?

- Sülh lazım deyil yanaşması kökündən yanlışdır. Azərbaycan dövlətinə və xalqına sülh hamıdan çox lazımdır. Çünki bu münaqişənin əsas qurbanı Azərbaycan xalqı olub. Ona görə də xalq sülh istəyir. Amma burada sülh hansı formada imzalanması amili önəmlidir. Azərbaycan dövlətinin mövqeyini əks etdirən sülhün olması əsas şərtdir.

- Ermənistan tərəfinin sülhə yanaşması necədir?

- İrəvan sülhə yanaşmada öz iddialarının bir hissəsini kənara qoymayıb. Çünki Ermənistanın siyasi elitası hələ də köhnə ab-havadan çıxa bilmir. Onlar yenə də Qarabağ iddiası, orada yaşamış ermənilərin geri qayıdışı və beynəlxalq qurumların nəzarət mexanizmləri kimi absurd məsələlərdən danışır. Hətta iddia edirlər ki, güclənib revanşa qalxmaq üçün imkan əldə edəcəklər. Bu xəstə ideyalara erməni cəmiyyətində son qoyulmalıdır.

- Bu zərərli yanaşmaların aradan qalxması üçün əsas mexanizmlər nədən ibarətdir?

- Azərbaycanın haqlı olaraq Ermənistan Konstitusiyasında əksini tapmış əsassız ərazi iddialarını məhz referendum yolu ilə aradan qaldırılması tələbi buna hesablanıb. Bakı davamlı sülh istəyir. Ona görə də əsaslı bir sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Vaxtilə keçmiş sovet ittifaqının mövcud konstitusiyasını və beynəlxalq qanunları kobud şəkildə tapdalayıb Azərbaycan ərazilərini işğal edən Ermənistan olub. Daha sonra İrəvan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə belə əhəmiyyət verməyib. Bütün bu faktlar göstərir ki, Azərbaycana sənəd deyil, nəticə lazımdır.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
37
teleqraf.com

1Mənbələr