AZ

Avropada müsəlman olmağın çətinliyi

Bu gün zaman-zaman bəşəriyyətə çoxlu sayda mütərəqqi dəyişikliklər gətirmiş, yeniliklərə yol açmış Avropada geriyə qayıdışı - milli-dini-irqi ayrı-seçkiliyin eybəcər təzahürlərinin baş qaldırdığını, xüsusilə də İslamofobiyanın geniş vüsət aldığını izləmək çox kədərlidir. Bu günlərdə Avropa İttifaqının (Aİ) Fundamental Hüquqlar Agentliyi (FRA) Aİ-yə üzv olan 13 ölkədə 9600 müsəlman iştirakı ilə keçirdiyi “Avropada müsəlman olmaq. Müsəlmanların təcrübələri” adlı sorğunun nəticələrini açıqlayıb. FRA bildirir ki, İttifaqa üzv ölkələrdə müsəlmanların təxminən yarısı gündəlik həyatlarında ayrı-seçkilik və nifrət ritorikası ilə üzləşir.

Müqəddəs dəyərlər manipulyasiya predmetinə çevrilir

Bütün səmavi dinlər kimi, İslam dini də bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Bu dinin təməlində və ideologiyasında milli-dini fərqliliyə görə insanlar arasında ayrıcı xətlər çəkilmir, nifrət, şiddət aşılanmır, əksinə insanlara birgəyaşayışa, barışığa çağırış edilir. Belə bir saf dini aşağılamaq bütün əxlaq və insanlıq normasını aşmaq anlamına gəlir. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta müqəddəs dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə və dözümsüzlüyə çağırışlar edilir, İslamofobiya getdikcə daha çox dərəcədə həyat normasına çevrilir. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir, insanlar həyatlarını itirirlər. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan, raket zərbələrindən xilas olamaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır.

Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa  ölkələrini payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı, demokratiya göstəricisi kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.

Deyə bilərik ki, Fransa, Niderland kimi ölkələrdə  İslamofobiya hətta bu və ya digər formada rəsmi səviyyədə təşviq edilir. Fransanın onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bunun təzahürlərini, həmçinin ölkədə İslam dininə etiqad bəsləyən insanların diskriminasiyaya məruz qalmalarında müşahidə etmək mümkündür. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də etiraf edirlər. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair məqsədli mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər.

Fransanın siyasi hakimiyyəti  İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.  Ötən il Türkiyədə dağıdıcı zəlzələ baş verdikdə “Charlie Hebdo” nəşri  sosial şəbəkələrdə təbii fəlakətlə  bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib.

Bir sözlə, Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə paralel şəkildə, İslama sitayiş edən insanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya mövqeyini ortaya qoyur, müxtəlif İslamofob kampaniyalar təşkil edir. Bu ölkədə “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edilməsi də adi hal alıb. Eyni zamanda, məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.

Fransa kimi ölkələrin apardıqları İslamofobiya siyasəti, həmçinin bir sıra Avropa təsisatlarına da sirayət edib.  Qərbdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar sözün əsl mənasında “xristian klubu” rolunda çıxış edirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası İslamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevriliblər.

Müsəlmanların həyatın bütün sahələrində rast gəldikləri diskriminasiya

Tədqiqatda qeyd olunur ki, diskriminasiya xarakterli siyasi kurs və hərəkətlər Avropa müsəlmanlarının gündəlik həyatının bütün aspektlərinə - məşğulluq, təhsil, mənzil və biznes sahələrinə mənfi təsir edir.

2021-ci ilin sentyabrından 2023-cü ilin oktyabrına qədər aparılan tədqiqatda Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, İspaniya və İsveç də daxil olmaqla Aİ-nin müxtəlif üzv dövlətlərində yaşayan müsəlmanlar iştirak ediblər. Məlum olub ki, hesabat dövründə Avropada irqçiliklə üzləşdiyini bildirən müsəlmanların nisbəti 39 faizdən 47 faizə çatıb. Ayrı-seçkilik halları ən çox Avstriya, Almaniya və Finlandiyada qeydə alınıb. Hesabatda müsəlmanların Avstriyada (71 faiz), Almaniyada (68 faiz), Finlandiyada (63 faiz), İsveçdə (22 faiz), İspaniyada (30 faiz) və İtaliyada (34 faiz) ayrı-seçkiçiliyə məruz qaldıqları diqqətə çatdırılıb.

Avstriya və Almaniyada irqçilik və ayrı-seçkiliyin artması bu ölkələrdə ifrat sağçı siyasətin böyüməsi ilə əlaqələndirilir. Tədqiqat müəllifləri qeyd edirlər ki, müsəlmanlar Avropada peşəkar və sosial həyatlarında müxtəlif statistik fərqlərə baxmayaraq, geyimləri, etnik kimlikləri və ya inancları ilə bağlı “həyəcanlı dərəcədə geniş yayılmış irqçilik dalğası” ilə üzləşirlər. Avropada doğulan müsəlmanların yarıdan çoxu iş axtarışları zamanı irqinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər ki, bu da oxşar dil qabiliyyətləri və səriştələri olan şəxslərlə müqayisədə onlara bərabər münasibət bəslənilmədiyini göstərir.

Hesabatda vurğulanır ki, hicab kimi dini simvollar taxan qadınlar xüsusilə işdə daha çox ayrı-seçkiliklə üzləşirlər; onların 45 faizi biznes mühitində ayrı-seçkiliyə məruz qalır ki, bu da 2016-cı ildəki 31 faiz göstəricisindən çoxdur. Müsəlman avropalılar həm də mənzil almaq və ya kirayə vermək istədikləri zaman çətinliklərlə üzləşirlər. İştirakçıların təxminən 35 faizi ayrı-seçkilik səbəbindən problem yaşadıqlarını bildirirlər. Halbuki, 2016-cı ildə belə şikayətlər cəmi 22 faiz olub.

Tədqiqat vurğulayır ki, çox az iştirakçı ayrı-seçkilik barədə səlahiyyətlilərə məlumat çatdırılmasının müsbət nəticələr verəcəyinə inanır.

Mübariz FEYİZLİ

Seçilən
46
yeniazerbaycan.com

1Mənbələr