AZ

"Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır" - Ramil Usubov

Azərbaycan məğlub Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər.

Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

"Ötən əsrin 90-cı illərindən etibarən regionda törədilən qanlı savaşlar, beynəlxalq terrorizm, etnik separatizm, narkotiklərin qanunsuz dövriyyəsi və ümumiyyətlə, transmilli cinayətkarlığın ayrı-ayrı növlərinin cərəyan etdiyi acı gerçəklik də Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində sonlandırılıb.

Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində regionun beynəlxalq statusu dəyişib və bölgənin inkişafı, kommersiya cəlbediciliyi üçün yeni imkanlar açılıb. Təsadüfi deyil ki, son dörd il ərzində fövqəldövlətlərin və transmilli şirkətlərin müəyyənləşdirdikləri yeni enerji marşrutları, beynəlxalq və regional nəqliyyat-logistik dəhlizləri artıq Azərbaycandan keçməklə Qafqazı əhatə edir.

Bu müsbət geosiyasi, geoiqtisadi və qlobal təhlükəsizlik proseslərinin müsbət dinamikasını artırmaq, onların davamlılığını təmin etmək məqsədilə həyata keçirilən sülh missiyası dörd il öncəki uğurlu hərbi əməliyyatlar kimi qətiyyətli, ləyaqətli, ədalətli və şəffafdır.

Əlbəttə ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər. Bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır.

Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı "sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir", - o qeyd edib.

 

Seçilən
6
4
herbiand.az

4Mənbələr