AZ

Paytaxtda populyarlaşan velosiped idmanı - zərəri də var...

Həkim: “Ürək-damar çatışmazlığı və ya tənəffüs sistemi problemləri olan adamlar velosiped sürərkən mütləq həkim məsləhətinə əməl etməlidir”

Velosiped son zamanlar ən çox populyarlaşan nəqliyyat vasitələrindən sayıla bilər. Ekoloji baxımdan zərərsiz olması öz yerində, bu ikitəkərli nəqliyyat vasitəsi əsasən pozitiv əhval və daha yaxşı sağlamlığı tərcih edənlərin hobbisinə çevrilməkdədir. Söhbət xüsusən də paytaxt Bakıdan gedir. 

Qeyd edək ki, bu ilin 24 avqust tarixindən Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədovun sözlərinə görə, indiyədək kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub: “Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxsdir. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub”.

Bəs velosiped sürməyin faydaları nədir, kimlərə daha çox xeyirdir, kimlərə olmaz? Hansı xəstəliklərdə əks-göstərişdir? Arıqlamaq istəyənlər üçün məqbuldurmu?  

Mütəxəssislər bildirir ki, velosiped sürməyin bir çox faydası var və həm sağlamlıq, həm də psixoloji baxımdan müsbət təsirlər yaradır. Velosiped sürmək:

Ürək-damar sağlamlığı üçün əladır: Velosiped sürmək ürək döyüntüsünü artıraraq qan dövranını yaxşılaşdırır, qan təzyiqini nizamlayır və ürək-damar xəstəlikləri riskini azaldır.

Əzələ gücləndirmə: Ayaq, qarın, və qol əzələlərini gücləndirir və bədənin ümumi gücünü artırır.

Psixoloji faydalar: Velosiped sürmək stress və narahatlığı azaltmağa kömək edir, endorfin ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır.

Arıqlamaq üçün idealdır: Velosiped sürmək yüksək kaloriyə səbəb olur, yağları yandırmağa kömək edir və metabolizmi sürətləndirir. Bu, arıqlamaq istəyənlər üçün çox faydalıdır.

Kimlərə daha çox xeyirlidir?       

Hərəkət tərzi passiv olan insanlar üçün velosiped sürmək əzələləri işə salır və sağlam həyat tərzi formalaşdırır.

Artıq çəkili və arıqlamaq istəyənlər üçün çox faydalıdır.

Psixoloji sağlamlığını yaxşılaşdırmaq istəyənlər və stresdən əziyyət çəkənlər üçün də tövsiyə olunur.

Kimlərə olmaz və hansı xəstəliklərdə əks-göstərişdir?

Bəzi hallarda velosiped sürmək məsləhət görülmür:

Artrit və digər oynaq problemləri olanlar üçün ağrıları artırma riski var.

Diz və bel problemləri olanlar diqqətli olmalıdır, çünki bu hallar zamanı səhv duruş və təzyiq oynaqları yükləyə bilər.

Yüksək qan təzyiqi və ürək xəstəlikləri olanlar həkim məsləhəti ilə başlamalıdırlar, çünki yüksək intensivlikdə bu fəaliyyət bəzən risk yarada bilər.

Arıqlamaq üçün velosiped sürmək məqbuldur, lakin hər hansı sağlamlıq problemi varsa, əvvəlcə həkimlə məsləhətləşmək vacibdir.

Medicina.az

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Velosiped sürmək digər idman növləri kimi fiziki aktivliyin artması ilə şərtlənir. Yəni aktiv yürüş, qaçış və s. kimi velosiped sürmək də fiziki aktivliyi artırır. Təbii ki, fiziki aktivlik, idman hərəkətləri insan sağlamlığı üçün olduqca vacibdir. Xüsusən bir sıra xəstəliklərdən qorunmaq, immun sistemin möhkəmlənməsi, fiziki gücün artması, xüsusən ürək-damar xəstəliklərindən qorunmaq, aşağı ətrafların arteriyalarının yaxşı çalışması, venous sistemin, nasos funksiyalarının yetərli olması, əzələ gücünün artması və sairə üçün çox sayda faydaları var. 

Bəs zərərli tərəfləri hansılardır? Məlum xəstəliklər var ki, orada fiziki aktivlik müəyyən edən dozasında olmalıdır. Məsələn, insanlarda küləyə qarşı həssaslıq varsa, frontit, qaymorit və bu kimi digər xəstəliklər varsa, velodiped sürərkən mütləq şəkildə üz örtüklərindən istifadə etmək lazımdır. 

Koksidiniya - bel nahiyəsində olan ağrı kimi problemlərdən əziyyət çəkənlər də hərəkət və mövqe dəyişikliklərində ehtiyatlı olmalıdırlar, çünki bu nahiyədə hər hansı sıxılmalar və ya basqılar ağrını daha da artıra bilər. Ehtiyat tədbiri olaraq, uyğun oturacaqlar və ehtiyac olduqda yumşaldıcı örtüklərdən istifadə tövsiyə olunur.

Əlavə olaraq, ürək-damar çatışmazlığı və ya tənəffüs sistemi problemləri olan adamlar velosiped sürərkən mütləq həkim məsləhətinə əməl etməlidir. Çünki fiziki gərginlik və həddindən artıq aktivlik bu xəstəlikləri olan insanlar üçün risk yarada bilər. Həmçinin aşağı ətraf əzələləri və oynaq sistemi də dəyərləndirilməlidir ki, zədələnmə və ya ağrılar baş verməsin. Bu baxımdan, tənginəfəs və dayanıq sistemindəki xəstəlikləri olan şəxslər, xüsusən də hər hansı narahatlıq və ya zədə riski yarandıqda fəaliyyətlərini tənzimləməli və diqqətli olmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Seçilən
28
1
musavat.com

2Mənbələr