İqlim üzrə fəaliyyətin inkişafı və iqlim ədalətinə nail olmaq üçün dini liderlərin səsləri vacibdir.
Day.Az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına videomüraciət edib.
O, həddindən artıq temperaturun, şiddətli yanğınların, quraqlıqların və geniş yayılmış daşqınların dünyada böyük fəsadlar törətdiyini diqqətə çatdırıb.
Baş katib gələn ilə qədər ölkələrin qlobal istiləşməni məhdudlaşdırmaq məqsədinə uyğun yeni milli iqlim planları hazırlamasını təmin etmək üçün fəaliyyətin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.