Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.
Mətndə deyilir:
"Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.
Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.
COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.
Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.
Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.