Ekosistemlərin məhv edilməsi bütün bəşəriyyətin məhvinə səbəb ola bilər.
Day.Az xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Dini Liderlərin Bakı Qlobal Sammitinin iştirakçılarına videomüraciətində deyib.
O, təhlükənin miqyasını nəzərə alaraq, iqlim problemlərinin həllində dini liderlərin fəal iştirakının zəruriliyini diqqətə çatdırıb.
"Ümid edirəm ki, bu gün buraya toplaşan ənənəvi dinlərin liderlərinin vahid səsi qərar qəbul edən şəxslər tərəfindən eşidiləcək və Allahın yaratdığının xilasına töhfə verəcək. Sizə mənalı və səmərəli müzakirələr, uğurlar və bütün işlərinizdə və səylərinizdə yuxarıdan kömək arzulayıram".
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.