Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Fins.az xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.
Mətndə deyilir:
"Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.
Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.
COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.
Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.
Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.
Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.
Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.
Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.
Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.
Hörmətli dini liderlər!
Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.
Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".
* * *
Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Fins.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub.
Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP 29 çərçivəsində budəfəki Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.
* * *
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən “digital.bridge” - Milli Məlumat Mübadiləsi Sisteminin yenilənmiş versiyası istismara verilib.
Agentlikdən Fins.az-a bildirilib ki, yeni versiya sayəsində dövlət qurumlarının məlumat mübadiləsi tam rəqəmsal və daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Qurumlar tərəfindən servislərin alınması tam olaraq başdan-başa rəqəmsallaşdırılaraq sistem üzərindən aparılır.
Yenilənmiş sistem ölkəmizdə rəqəmsal məlumat mübadiləsini daha sürətli, təhlükəsiz və vətəndaşyönümlü hala gətirir. Bu da vətəndaşların dövlət xidmətlərinə müraciət edərkən təqdim etməli olduqları məlumatların həcmini minimuma endirir. İndi müvafiq dövlət qurumları bir çox zəruri sənədi vətəndaşdan yox, birbaşa “digital.bridge” üzərindən əldə edə bilir ki, bu da prosesləri sürətləndirir və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyir. Məlumat mübadiləsi sisteminin yenilənməsi, həmçinin ölkədə rəqəmsal xidmətlərin sayını artırmaq üçün zəruri infrastrukturu yaradır.
“digital.bridge” sisteminin yeni versiyasında bir sıra təkmilləşdirmə işləri həyata keçirilib. Sistem üzərindən aparılan məlumat mübadiləsinin təhlükəsizliyini artırmaq məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib, məlumat mübadiləsinin trafiki şifrələnib. Ümumi performans ötən illə müqayisədə 73 faiz artırılıb. Servislərin qeydiyyata alınması və müraciətlər üzrə proseslər avtomatlaşdırılıb, monitorinq imkanı yaradılıb. Eyni zamanda, dövlət qurumları tərəfindən yeni müraciətlərin göndərilməsi prosesi 3-5 gündən 1 günə endirilib. Sistemdə yeni "Rəqəmsal Məlumat Hədləri" və API kataloqu yaradılıb. Əlavə olaraq fayl transfer funksionallığı da yaradılıb ki, bununla da sistem üzərindən istənilən formatda olan faylı göndərmək və yükləmək mümkündür.
Qeyd edək ki, “digital.bridge” vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı artıq 1 milyardı keçib. Bu da illik olaraq təxminən 10 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Sistem, həmçinin dövlət qurumlarına data əsaslı qərar qəbulunu dəstəkləyərək, xidmətlərin daha dəqiq və effektiv təmin olunmasına imkan yaradır.
Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (“digital.bridge”) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir.