AZ

Azərbaycan iqlim dəyişikliyinə həssas ölkələrin ön sırasındadır

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda Azərbaycanın dünyanın iqlim dəyişikliklərinin mənfi təsirlərinə məruz qalan ən həssas ölkələri siyahısında yer aldığını və bu həssaslığın bizim azalan su ehtiyatlarımızda, seyrəkləşən meşələrimiz və biomüxtəlifliyimizdə müşahidə olunduğunu bildirib.

Nazir müavini bunun müxtəlif səbəblərdən baş verdiyini vurğulayaraq qeyd edib ki, 20-30 il bundan qabaq qlobal iqlim dəyişikliyinin təsirlərindən danışıldıqda dünya alimləri və mütəxəssislər iki amilə nəzər yetiriblər: “Bunlardan birinin insan fəaliyyəti ilə yaranan antropogen təsirləri ilə, digərinin isə təbii hadisələrlə bağlı olduğunu söyləyiblər. Amma son 100-150 ildə sənayeləşmənin intensiv istiləşməyə gətirib çıxarması mövcud şəraitin birbaşa antropogen təsirlər hesabına yaranmasını deməyə əsas verir. Belə ki, müxtəlif tədqiqatlarla sübut olunur ki, son 10 ildə Yer kürəsinin qabığı 1,5–2 dərəcə qızıb. Ötən 1 əsrdə Yer qabığının 1,5 dərəcədən çox qızması isə göstərir ki, burada antropogen təsirlərin rolu çox böyükdür”.

Buradan aydın olur ki, yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin–davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hazırda əsas prioritet davamlı inkişafın məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir.

Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq edib. Həmin yol xəritəsində atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin havanın çirklənməsinə dair hədəflərinə istiqamətlənən monitorinqlərin aparılması və hesabatların hazırlanması, yerli, milli, regional və qlobal səviyyələrdə əməkdaşlıq imkanlarının artırılması kimi fəaliyyətlər öz əksini tapıb.

Beynəlxalq hesabatlarda atmosfer havasının çirklənməsinin əsas mənbələrindən birinin nəqliyyat vasitələri olması qeydə alınıb. Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resursların qənaətlə istifadə edilməsi, habelə ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçilib. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə enerji effektivliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik) istifadə geniş miqyas alıb.

Su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarəsinə son illər xüsusi önəm verilib. Belə ki, bu məsələ BMT-nin “2030: Dayanıqlı İnkişaf Məqsədləri”nin və təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Programına və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilib. Su böhranı Dünya İqtisadiyyat Forumunun 3 qlobal risklər siyahısında artıq 3 ildir ki, yer alıb. Bunun nəticəsidir ki, suların çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlər görülməsi, suların transsərhəd çirklənməsinin qarşısının alınması məqsədilə transsərhəd diaqnostik analizlər aparılması, milli, regional və qlobal səviyyədə müxtəlif layihələr həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Torpaqların deqradasiyasının, səhralaşmanın qarşısının alınması, iqlim dəyişikliyindən qorunması məqsədilə dünya ölkələrində fermerlər və yerli icmalar arasında dayanıqlı kənd təsərrüfatı, torpaq ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirmə işləri aparılır. Eyni zamanda, bir çox ölkələrdə quraqlıqdan erkən xəbərdarlıq sistemləri qurulur, eroziyaların qarşısının alınması üçün meşə əraziləri salınır və yaşıllaşdırma işləri görülür.

Bütün bunlarla bərabər, dünyada bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin gerçəkləşdirilməsi məqsədilə qanunvericiliyin və institusional çərçivənin təkmilləşdirilməsinə xüsusi önəm verilib. Bioloji müxtəlifliyin qorunması, o cümlədən nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması üçün bir sıra beynəlxalq razılaşmalar, konvensiyalar qəbul edilib.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu təhlükəli halın canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat edir. İstixana qazlarının emissiyalarının artması isə yer səthi və atmosferin əlavə olaraq istiləşməsini şərtləndirir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının sabitləşməsinə nail olmaqdır. Bu səviyyə ekosistemlərin iqlim dəyişikliyinə təbii olaraq uyğunlaşmasına imkan vermək, qida istehsalının təhlükəyə məruz qalmamasını gerçəkləşdirmək və iqtisadi inkişafın dayanıqlı şəkildə davam etməsinə imkan yaratmaq üçün kifayət edə bilən zaman çərçivəsində əldə edilməlidir.

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusi ilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas amillərdən biridir. Bu vəziyyətin ağırlaşdırılması isə əsasən, belə tullantıların təbiətdə miqdarının ilbəil artmasıdır.

Avropa İttifaqına üzv dövlətlər tərəfindən qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə qablaşdırma tullantılarının təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görülür. Eyni zamanda, nəzərdə tutulan hədəflərə nail olmaq üçün qablaşdırma tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının geri qaytarılması və ya toplanması, təkrar emalı üçün sistemlər tətbiq edilir. Bir sıra Avropa ölkələrində qablaşdırma materiallarının toplanması, utilizasiyası, təkrar emalının maliyyələşdirilməsi qeyri – kommersiya təşkilatları (fondlar) tərəfindən həyata keçirilir.

Hazırda dünya ölkələri plastik torbaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirindən əziyyət çəkir. Bu səbəbdən də artıq bir çox dövlətlərdə plastik torbalara alternativ olaraq təkrar istifadəsi və emalı mümkün hesab edilən, bioloji parçalanan materiallardan hazırlanan torbalardan istifadə olunur, plastik torba istehsalının azaldılması üçün qadağaları, ödənişli istifadəni və ya vergi sistemini özündə cəmləşdirən qanunvericilik sənədlərinin hazırlanmasını diqqətdə saxlayır.

 

Seçilən
113
7
xalqqazeti.az

10Mənbələr