Bu sammit, din və adətləri bir araya gətirməklə insanların birlik və vəhdət içində yaşamasına nail olmaq və planetimizin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət kəsb edir.
Din cəmiyyətlərdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həllinə təsir göstərə biləcək potensiala malikdir. Dünyanın dini adətləri bəşəri dəyərlərə hörmət, mərhəmət və qayğını təbliğ edir ki, bu da iqlim böhranının həllində əsas prinsiplərdən hesab olunur. Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edərək dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirən ölkədir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
Ekologiya.az xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
Nazir bildirib ki, antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib. “Bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq. Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanın üçdəbirini sular altında qoyan daşqınlar, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.
Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir. Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır.
COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlib. Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir”, - deyə Muxtar Babayev vurğulayıb.