AZ

ABŞ-dəki prezident seçkilərinin Azərbaycana TƏSİRİ: “Erməni lobbisi Trampa qarşı çıxır”

“Hakimiyyətə kimin gələcəyi ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətini tamamilə dəyişməsə belə, son 8 ilin göstəricilərinə əsasən, respublikaçılar Azərbaycanın maraqlarına daha uyğundur”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçirilən seçkilərin nəticələrinin Azərbaycana təsirindən danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Vaşinqtonun xarici siyasətindəki milli maraqların təmin edilməsi prioriteti dəyişməz qalacaq:

“Yeganə fərq yeni metodlar və yeni tərəflərdən ibarət ola bilər. Bu mənada ölkəmiz üçün xüsusilə Ermənistan və erməni lobbisinə münasibət fonunda respublikaçılarla demokratların yanaşması əsasdır. Erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da mövcuddur. Lakin tarix, ölkəmizin maraqları baxımından respublikaçıların müsbət obrazını önə çıxarır. Ancaq Trampın açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı”.

“Belə ki, o, Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” dedi. Halbuki bu bəyanatın daha çox seçki mübarizəsinin elementi olduğu açıq-aydın görünür. Eyni zamanda, həm demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb” – o, əlavə edib.

Analitikin fikrincə, Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını əsas tutacağını demək çətindir:

“Yaxın keçmiş, 2017-2021-ci illər Trampın prezidentliyi dövründə ABŞ-də erməni lobbisinin çətin vəziyyətə düşməsi faktı bu fikri gücləndirir. Xatırlayaq ki, 2017-ci ildə erməni diasporunun üzləşdiyi ən ciddi çətinlik Trampın qəbuluna düşmək idi. Hətta o dövrdə Ağ Evin Ermənistan prezidenti Serj Sarkisyanın zənglərinə cavab vermədiyi ilə bağlı da məlumatlar var. Eyni zamanda, Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı. Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu. Bu amillər göz önünə gətirildikdə seçki mübarizəsində erməni diasporunun Trampa nə üçün qarşı çıxması açıq-aydın ortadadır”.

“Nəticə olaraq Tramp dövrü ABŞ-Azərbaycan münasibətləri normal olsa da Baydenin gəlişindən sonrakı dövrə bunu demək çətin olar. Anti-terror əməliyyatları zamanı erməni maraqlarının müdafiəsi məqsədilə demokratların Azərbaycana hücumları, həmçinin Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi artıq Ağ Evin hansı tərəfi seçdiyini bəlli edirdi. Bir sözlə, hakimiyyətə kimin gələcəyi ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətini tamamilə dəyişməsə belə son 8 ilin göstəricilərinə əsasən respublikaçılar Azərbaycanın maraqlarına daha uyğundur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
16
yenicag.az

1Mənbələr