AZ

"Falçılara ildə 200 milyon manat pul xərclənir" — ŞOK AÇIQLAMA

Tacikistanda 1500 nəfər cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb. İnzibati məcəlləni pozan və oxşar fəaliyyətlə məşğul olanları 270 dollardan 340 dollara qədər cərimə gözləyir. Bundan əlavə, cadugərliklə məşğul olanlar altı ayadək məcburi əməyə cəlb olunacaqlar. 

Azərbaycanda da falçılara inanan bir çox insan var. Bu insanlar hansısa işlərini “yoluna qoymaq”, həta başqalarına “pislik etmək” üçün falçıya, cadugərə getməkdən çəkinmirlər. Etdirdikləri “əməl”in nəticəsinin olacağına da inanırlar. Hətta tanınmış insanlar arasında da falçıya gedənlər var.

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, bütün zamanlarda mövcud olan falçılıq, cadugərlik təəssüf ki, 21-ci əsrdə, rəqəmsal çağda da bizi müşayiət edir. 

Ü.Şəfiyevin sözlərinə görə, şərq ölkələrində daha çox yayılan falçılıq Azərbaycanda da geniş vüsət alıb:

“Bir qisim insan təəssüf ki, hələ də falçıların tələsinə düşür. Bu insanlar arasında  bəlli bir statusu, təhsili, savadı olan tanınmış kəslər də var. Bununla mübarizədə ən yaxşı silah təbii ki, elmdir, maariflənməkdir. Falçılıqla bağlı ölkə qanunvericiliyində hüquqi məsuliyyət də müəyyən olunub. Cinayət Məcəlləsinin 178-ci maddəsində bununla bağlı müvafiq cəza nəzərdə tutulub. Amma düşünürəm ki, bu, kifayət deyil. Falçılıq cəmiyyətdə elə dərin kök salıb ki, hələ uzun müddət mübarizə aparmalı olacağıq bununla”. 

Ekspert hesab edir ki, televiziyalar, media vasitəsilə insanlara mesaj ötürülməlidir, onlar bu cür anlayışlara inanmamalıdırlar: 

“Təxminən 200 milyon manat civarında elə il olur ki, Azərbaycanda falçılara pul xərclənir, statistik rəqəmlərlə qarşılaşırıq. Bu o deməkdir ki, falçılıq böyük bir şəbəkədir, cinayətlə məşğul olan qrupdur. Hesab edirəm ki, cəza tədbirləri davamlı olmalıdır. 
Falçılar daha çox depressiyada olan, streslə üzləşmiş insanları tələyə salırlar. Çünki, bu insanlar ümidsiz, çarəsiz olur və çıxış yolu axtarırlar. 

Düşünürlər ki, qeyri-adi, fövqəl təbii yollarla problemlərini həll edəcəklər. Falçılıqla məşğul olan bəzi insanlar özləri də özlərində fövqəl təbii gücün olduğuna inanırlar. Bəziləri isə bunun cinayət olduğunu bilə-bilə pul qazanmaq məqsədilə bu işlə məşğul olur. Düşünürəm ki, falçıların olduğu bütün məkanlarda yoxlamalar aparılmalıdır, onlara qarşı tədbirlər kampaniya şəklində yox, daimi keçirilməlidir”. 


Törə Zeynallı
Demokrat.az
Seçilən
54
demokrat.az

1Mənbələr