AZ

Çin 5 variantın birinə görə Azərbaycandan daha çox asılıdır...

Image

Məlum həqiqətdir ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və bu durumda Çindən Avropaya, eləcə də əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir. Ekspertlər hesab edir ki, yaxın illərdə artımın daha çox olması qaçılmazdır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.

Qeyd edilən istiqamətdə Orta Dəhlizə həm Çində, həm də Avropada böyük maraq yarandığı müşahidə olunur. Məsələnin bu tərəfinə nəzər salan rusiyalı ekspert Aleksey Maslov vurğulayır ki, Orta Dəhliz Çin üçün xarici bazarlarla əlaqə quran beş mühüm marşrutdan biridir. Onun sözlərinə görə, Orta Dəhliz Çin üçün prioritet məsələdir və o bunu gizlətmir: “Son beş il ərzində Çin gördü ki, bir çox bölgələr və dəhlizlər müharibə, ABŞ-ın fəaliyyətləri və əks-təsirlər nəticəsində bağlana bilər. Buna görə də Çin bu dəhlizləri mümkün qədər şaxələndirmək istəyir və konkret olaraq Azərbaycan və Gürcüstan da daxil olmaqla, bir çox dəmir yolu xətlərini maliyyələşdirir, birbaşa faydasını görməsə də, bu, ən azından ticarət yollarının bağlanma risklərini azaldır. Ona görə də Orta Dəhliz 5-7 il ərzində Çin üçün çox vacib dəhliz olacaq”. Ekspertin fikrincə, Çinin Cənubi Qafqazda kifayət qədər ciddi mövqeləri var: “Üstəlik, ABŞ indiki zamanda bir çox layihələr üçün lazım olan maliyyəni təmin etməyə hazır və qadir deyil. Onlara nəqliyyat dəhlizləri öz mallarını daşımaq üçün lazımdır. Amma orada hansı malların daşınacağı sualı yaranır. ABŞ regiona ciddi miqdarda mal tədarük etməyən bir ölkədir. Əsas tədarükçülər isə Çin və Yaxın Şərq ölkələridir. Mən düşünmürəm ki, indiki şəraitdə bir ticarət-logistika dəhlizi, o cümlədən Yaxın Şərqdə, Çindən kənar mümkün olsun”. O bildirib ki, Çin tərəfindən investisiya qoyulması planlaşdırılan Gürcüstanda inşa ediləcək dərin su limanı yük daşınmalarını ən azı 15-20% artırmalı və malların daşınma xərclərini 10-15% ucuzlaşdırmalıdır. Onu da qeyd edək ki, Çindən Orta Dəhliz vasitəsilə ildə 1 000 konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Bu ilin mart ayında Çinin Sian limanından Bakıya ilk konteyner qatarı cəmi 11 günə çatdırılıb. Orta hesabla blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə Çindən təxminən 300 konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Lakin sonradan bu rəqəm əhəmiyyətli dərəcədə artacaq. Bu arada Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması istiqamətində də müvafiq addımlar atılır. İndilikdə isə dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil adıçəkilən dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Azərbaycan Qərblə Şərq yolunun üzərində yerləşdiyindən dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri – Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır.  Bunu Çində də xüsusi olaraq diqqətə alırlar.

Hazırda nəqliyyat sektorunda əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir.  Xatırladaq ki, Çin Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini irıli sürüb. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Ölkəmiz yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində, o cümlədən də Orta Dəhliz üzərində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.  Orta Dəhliz sayəsində Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi gözlənilir. Xatırladaq ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Şimal Dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min km deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir. Bu rəqəmin daha da artacağı gğzlənilir. Belə vəziyytdə Orta Dəhlizə maraq daha da yüksələcək. ekspertlər qeyd edir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhlizlə gələn yükləri ötürmək imkanları daha da genişlənəcək. Eyni zamanda, bütün region dövlətləri yeni fürsətlər qazanacaqlar. Naxçıvandan Türkiyəyə və oradan da daha geniş coğrafiyaya çıxış imkanı yaradacaq Zəngəzur dəhlizi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta dəhlizə inteqrasiya ediləcək. Bu da ölkəmiz üçün əlavə fürsətlər olacaq.

Nahid SALAYEV





Seçilən
45
baki-xeber.com

1Mənbələr