AZ

Akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirildi- FOTO

Image

30 oktyabr 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi ilə Elmi şuranın 178 saylı iclası keçirilib.

Trend xəbər verir ki, iclası açıq elan edən rektor Arif Paşayev 2024-2025-ci tədris ili münasibətilə kollektivi təbrik edib və Elmi şuranın işinə uğurlar arzulayıb. Akademik iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Birinci prorektor-tədris işləri üzrə prorektor Ədalət Səmədov 2024-2025-ci tədris ili üçün MAA-ya tələbə qəbulunun nəticələri, növbəti 2025-2026-cı tədris ili üçün qəbul planı barədə məlumat verib.

İclasa qonaq qismində dəvət olunan “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov 75-ci Beynəlxalq Astronavtika Konqresinin nəticələri barədə məlumat verib. Sürətli inkişaf fonunda Azərbaycanın artıq dünya miqyasında kosmik ölkə kimi tanındığını bildirib. O qeyd edib ki, ölkəmiz Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olaraq Avropa, Mərkəzi Asiya, Afrika regionlarındakı tərəfdaşlarla telekommunikasiya üzrə peyk xidmətləri təqdim edir. S.Əsədovun sözlərinə görə, yaxın illərdə ölkəmizdə ən mütərəqqi texnologiyalara sahib olan peyklərin istehsalına başlanılacaq ki, bu prosesdə azərbaycanlı gənclər fəal iştirak edəcək. İdarə Heyətinin sədri “Azərkosmos” və MAA arasındakı əməkdaşlıq və birgə layihələr barədə də danışıb.

Məruzəçi Aerokosmik cihazlar kafedrasının müəllimi Əliağa Sahibcanov TEKNOFEST 2024 Aerokosmik və Texnologiya festivalının qalibi olan “Peyk modeli” layihəsi haqqında məlumat verib. Bildirib ki, Türkiyənin Adana şəhərində keçirilən festivalda Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət “Orion” komandası Azərbaycanı uğurla təmsil edərək, ikinci yerə layiq görülüb.

Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasının layihələndirmə üzrə aparıcı mühəndisi Sərxan Ağadadaşov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, laboratoriyada çalışan tələbələr təyyarələrin uçan modellərinin hazırlanmasının nəzəri və praktiki əsaslarını, idarə edilməsini öyrənir, bu modellərlə Azərbaycanı beynəlxalq yarışmalarda layiqincə təmsil edirlər.

MAA-nın Təlim Mərkəzinin baş direktoru Aqil Heydərovun Təlim Mərkəzinin fəaliyyəti barədə hesabatı dinlənilib.

Elmi katib, yeni texnologiyalar üzrə prorektor Xəqani Abdullayev Elmi şuranın tərkibinin və iş planının təsdiq edilməsi barədə məlumat verib. Sonda akademik Arif Paşayev beynəlxalq yarışmalarda yüksək nəticələr əldə edən MAA tələbələrinə mükafatlar təqdim edib.






Seçilən
8
4
baki-xeber.com

5Mənbələr