1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kortizol hormonunun yüksək səviyyəsində insan stres keçirir, bu isə çəki artımına, yuxu problemlərinə və immunitetin zəifləməsinə səbəb olur. Lakin qidalanma vasitəsilə kortizol səviyyəsinə təsir etmək mümkündür.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Yekaterina Kazaçkova xəbərdarlıq edib.
Həkim qeyd edib ki, kortizol əslində orqanizmdə mühüm rol oynayır. O gərgnliklərlə mübarizə aparmağa və kritik vəziyyətlərdə resursları səfərbər etməyə kömək edir. Ancaq stres xroniki hala gəldikdə, yüksək kortizol səviyyəsi bizə qarşı işləməyə başlayır.
"Uzunmüddətli stresdə nə baş verir? Orqanizm daim "döyüş hazırlığı" vəziyyətində olur. Bu, maddələr mübadiləsinin pozulmasına, yuxu problemlərinə, immunitetin zəifləməsinə gətirib çıxarır. İnsanlar, xüsusilə qarın nahiyəsində çəki yığmağa başlayırlar - "kortizol qarnı" adlanan vəziyyət yaranır. Lakin yaxşı xəbər odur ki, biz qidalanma vasitəsilə kortizol səviyyəsinə təsir edə bilərik. Düzgün seçilmiş qidalar stresin orqanizmə mənfi təsirini azaltmağa kömək edəcək", - deyə mütəxəssis bildirib.
O, bunların arasında xüsusilə tünd şokoladı qeyd edib.
"Kakao kortizol səviyyəsini azaltmağa kömək edən antioksidantlarla zəngindir. Tərkibində ən azı 70% kakao olan şokolad seçin", - deyə endokrinoloq vurğulayıb.
Mütəxəssis yağlı balıqlarda, xüsusən qızılbalıq, sardina və skumbriyada zəngin olan omeqa-3 yağ turşularının kortizol səviyyəsini tənzimləməyə kömək etdiyini bildirib.
Həkim meyvə tərəvəzlərə də diqqət etməyə çağırıb:
"Avokado - bu meyvə kortizol ifraz edən böyrəküstü vəzilərin normal işləməsi üçün lazım olan B5 vitamini ilə zəngindir. Qaragilə - tərkibində olan antioksidantlar oksidləşdirici streslə mübarizə aparmağa kömək edir. İspanaq və digər göyərtilər - bu qidalarda zəngin olan maqnezium sinir sistemini sakitləşdirməyə kömək edir. Sitrus meyvələri - portağal, qreypfrut və limonda olan "C" vitamini stresli vəziyyətlərdən sonra kortizol səviyyəsini azaltmağa kömək edir. Qoz-fındıq və tumlar - böyrəküstü vəzilərin işini tənzimləməyə kömək edən sinklə zəngindir".
Bununla yanaşı, həkim vurğulayıb ki, təkcə bu qidaların rasiona daxil edilməsi xroniki stres problemini həll etməyəcək. Düzgün qidalanma, fiziki aktivlik və psixoloji vəziyyət üzərində işi əhatə edən kompleks yanaşma lazımdır.
"Praktikamda tez-tez xəstələrin qidalanmanın hormon fonuna təsirini lazımınca qiymətləndirmədiyini görürəm. Düzgün seçilmiş rasion möcüzələr yarada bilər. Məsələn, xəstələrimdən biri daimi yorğunluq və çəki artımından şikayət edirdi. Analizlər yüksək kortizol səviyyəsini göstərdi. Biz kortizolu azaldan qidalara əsaslanan qidalanma planı hazırladıq. 4 ay sonra o, təkcə 15 kq çəki atmadı, həm də özünü xeyli yaxşı hiss etməyə başladığını və enerji artımını qeyd etdi", - deyə endokrinoloq danışıb.
Lakin o, diqqətə çatdırıb ki, hər hal fərdidir - bir insana uyğun olan digərinə uyğun olmaya bilər. Buna görə də mütəxəssislərə müraciət etmək və lazımi müayinələr aparmaq vacibdir.
"Əgər stresin sağlamlığınıza və çəkinizə mənfi təsir etdiyini hiss edirsinizsə, endokrinoloqa gedişi təxirə salmaq lazım deyil. Vaxtında diaqnostika və düzgün seçilmiş terapiya orqanizmdə balansı bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək", - deyə həkim yekunlaşdırıb.