AZ

“Kinostudiyadakı geyimlər şəraitsizlikdən məhv olur, bu mənə çox ağırdır”-53 ilin geyim rəssamı HƏYƏCAN TƏBİLİ çalır - FOTOLAR

“Kinostudiyada acınacaqlı həyat yaşanır, dəhlizləri qaranlıq, qapıları bağlıdır. O vaxt kinostudiyaya daxil olanda cah-cəlallı səs-küy gəlirdi. Aktyor-aktrisalarımızın gülüşləri, koridorlar işıqlı idi. Dublyaj bir yanda səslənirdi, filmlər bir tərəfdə çəkilirdi. Ömrümü kinostudiyaya həsr etmişəm. 1971-ci ildən indiyə qədər gedib-gəlirəm. Ora ana ocağım sayılır. Uzun müddət animasiya filmlərində rəssam kimi çalışmışam. Bədii, sənədli filmlərdə, seriallarda işləmişəm. Söz tapmıram deməyə. Keçmiş yadıma düşəndə kövrəlirəm. Ora indi daxil olanda məni dəhşət bürüyür. Ümidimizi yenə də kəsmirik, ümidlə yaşayırıq. Bu hal təkcə məni yox, qəlbi kino ilə döyünün hər kəsi narahat edir. Bir çoxları öz otaqlarını bağlayıb, çıxıb gedib. Əlimizdən heç nə gəlmir, iş prossesi də yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında 53 ildir “Azərbaycanfilm” kinostudiyasında çalışan, Əməkdar mədəniyyət işçisi, 75 illik yubileyini qeyd edən Zəkiyyə Mahmudova deyib. O daha sonra əlavə edib.
 
“Kinostudiyanın geyim sexi çox gözəl idi. Orada nəinki geyimlər, hətta filmlərimizdə istifadə olunan rekvizitlər də qorunub saxlanılırdı. Sexin rəhbəri Əziz müəllim, Həyat xanım oranı nə qədər qorusalar da, şəraitsizlikdən, baxımsızlıqdan geyimlər sıradan çıxır. Heç olmasa bir o otaq təmir olunsa yaxşı olar. Onlar bizim klassiklərimizdir, bütün geyimlər bizim tariximizdir. Tarix qoxurlar. Can yandıran, baxan yoxdur. Yenidən bərpa etmək, yeni həyata qaytarmaq lazımdır. Əziz müəllim hər zaman çalışır ki, o geyimləri qorusun. Bu işə aidiyyatı qurumlar baxmalıdır, bu kinostudiyanın işçilərinin vəzifəsi deyil. Onlar sadəcə işçidirlər. Kinostudiyanın bu vəziyyəti hər kəsi həvəsdən salıb. Otaqlara bir az əl gəzdiriblər, amma digər otaqlar hələ ki, qalıb” deyə Zəkiyyə Mahmudova deyib.
 
Zəkiyyə Mahmudova bildirib ki, indi cizgi filmləri də nadir hallarda çəkilir:
 
“Sovet illərində 1 ayda 3-4 film çəkilirdi, indi ildə 1 film çəkilir. Köhnə cizgi filmlərində işləmişəm. Bizim çəkdiyimiz filmlər, hazırladığımız eskizlər sırf tərbiyəvi mövzuda idi. “Cırtdan”, “7 rəngli topu var”, “Meşəyə insan gəlir”, “Tıq-tıq xanım” və s filmlərdə çalışmışam. Bu filmlər uşaqların tərbiyəsinə müsbət təsir göstərirdi. İndi avropalaşmışıq. Kaş qərbin mədəniyyəti bizə gəlməzdi. Nə var elə öz mədəniyyətimizdə var. İndi 1-2 nəfər köhnələrdən qalıb. Hamısı yeni uşaqlardır. Onlar da öz ağıllarına, müasir mövzulara uyğun nələrsə çəkirlər. Rəşid Ağamalıyevin, Elçin Hami Axundovun  bu sahədə etdiklərini danmaq olmaz. Onlar yoxdan var edən insanlardır. İstəmirəm digər gənclərin xətrinə dəyim, amma reallıq budur. O filmlər ki, əxlaqı, mənəviyyatı təbliğ etmir, o kimə lazımdır?! Həqiqətən də bizim keçmiş filmlərimiz yaddaqalan olub” deyə o bildirib.
 
Seçilən
23
49
moderator.az

10Mənbələr