AZ

Xaricdə "təhsil" fırıldaqçıları

125 nəfərin diplomu ölkə ərazisində tanınmayacaq

Kamran Əsədov: "Xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı" sualına cavab tapmalıdır"


  Xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır.  Lakin xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynlərinin əksəriyyəti yetərli araşdırma aparmırlar. Bu  səbəbdən də onların xaricdə təhsil marağı bəzən xoş olmayan “sürpriz”lərə səbəb olur. Gənclər  xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Demək olar ki, hər il xaricdə təhsil alan yüzlərlə məzunun diplomu ölkəmizdə tanınmır. Ekspertlər isə hesab edir ki, diplomu tanınmayan şəxslər əsasən qeyri-leqal yolla universitetə qəbul olunanlardır. Yəni Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə distant və ya fərdi (individual) qrafik üzrə təhsilə üstünlük verirlər. 
Qeyd edək ki, oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatında qeyd edilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə 5, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 1, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 1, qısaldılmış proqram səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Onu da deyək ki, ali təhsil haqqında sənədi tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edirlər. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda  Ukraynadan 208, Rusiya Federasiyasından 203, Türkiyə Respublikasından 135, Belarus Respublikasından 41, Gürcüstandan 25 və s. müraciətin olduğu müşahidə olunur.
  Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.
  Təhsil eksperti Kamran Əsədovun  “Sherg.az"a açıqlamasına görə, diplomların tanınması ilə bağlı problem təkcə bizim ölkədə deyil, digər ölkələrdə də  bu məsələ aktualdır:

“Acı reallıq odur ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır”. 
  Ekspert insanların mövzunun aktuallığını və vacibliyini nəzərə alaraq bu cür işbazların tələsinə düşməmək üçün valideynləri diqqətli olmağa çağırıb: “Xaricdə təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları təhsilin bu formasına yönəldirlər.
Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına, diplom sevdasına qurban verirlər. Tələbə əgər leqal universitetdə qanuni şərtlər ilə təhsil alırsa, onun diplomu ölkədə tanınır. Xarici diplomun ölkəmizdə tanınmama səbəblərindən biri distant təhsil forması ilə bağlıdır. Ölkədə distant təhsil etibarlı sayılmadığı üçün mənfi cavabların sayı da çox olur. Fikrimcə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı" sualına cavab tapmalıdır. Amma nüfuz xətrinə, "təki xaricdə oxuyum" deyənlər çox vaxt bunun sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmasınlar. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər”.

Seçilən
44
sherg.az

1Mənbələr