AZ

COP 29 Dünya iqlim sağlamlığına böyük töhfə verəcək

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası (UNFCCC) əsasında təşkil olunan COP (Conference of the Parties) toplantıları, dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı səylərin ən vacib platformalarından biridir. 1995 – ci ildən etibarən, müxtəlif ölkələrdə keçirilən və ev sahibi ölkələrə həm siyasi, həm də iqtisadi cəhətdən böyük üstünlüklər gətirən bu toplantının əsas məqsədi qlobal istiləşməni 1.5°C səviyyəsində saxlamaq, iqlim dəyişikliklərinin təsirlərinə qarşı tədbirlər görmək, həmçinin karbon emissiyalarını azaltmaq üçün milli strategiyaları müzakirə etməkdir. Bu toplantılar həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək vermək, maliyyə mənbələrini artırmaq və təmiz enerji mənbələrinə keçidi sürətləndirmək kimi mövzuları da  əhatə edir. 

Şübhəsiz ki, COP toplantılarının keçirildiyi ölkələr həm yerli, həm də qlobal səviyyədə diqqət mərkəzinə çevrilir. Belə böyük əhəmiyyətli tədbirə ev sahibliyi etmək ölkəni beynəlxalq səviyyədə iqlim dəyişikliyi mövzusunda aparıcı aktorlardan birinə çevirir.

Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal əhəmiyyətli töhfələr  verir, bərpa olunan enerji mənbələrinin payını artırmaq üçün yeni layihələr hazırlayır.  Xüsusilə külək enerjisinin inkişafı üzrə nəzərdə tutulan layihələr, ölkənin karbon emissiyalarını azaltmaq və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etməsi üçün əsas olacaq. COP 29-un Azərbaycanda keçirilməsi, bu səylərin qlobal miqyasda tanınması üçün əla bir fürsət olacaq və digər ölkələrlə təcrübə mübadiləsi etmək üçün platforma yaradacaq. 

İqlim dəyişikliyi ən aktual qlobal problemlərdən biri olduğundan, bu mövzu ətrafında gedən danışıqlarda fəal olmaq ölkələrin beynəlxalq nüfuzunu artırır. Bu tədbir Azərbaycanı qlobal iqlim siyasətində ön sırada göstərərək, onun dayanıqlı inkişaf hədəflərinə olan bağlılığını təsdiqləyir. Eyni zamanda ölkəmizdə keçiriləcək bu əhəmiyyətli tədbir bizə müxtəlif dövlətlərin nümayəndələri  o cümlədən, tədbirə iştirak edəcək dünya liderləri, nazirlər, qeyri-hökumət təşkilatları və beynəlxalq ekspertlər ilə sıx əlaqələr qurmaq imkanı verəcək.  

Azərbaycan eyni zamanda Xəzər dənizində və ətraf regionlarda ekoloji problemlərlə də mübarizə aparır. Bu problemlərin həlli üçün hökumət beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün müxtəlif tədbirlər görür. COP 29-un Azərbaycanda keçirilməsi, bu məsələləri daha geniş kontekstdə müzakirə etmək və dünya ölkələri ilə təcrübə mübadiləsi aparmaq imkanı yaradır. 

COP 29 Azərbaycanın qlobal şəbəkəsini genişləndirmək və müxtəlif beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etmək üçün böyük bir fürsət olacaq. Tədbir zamanı Azərbaycan müxtəlif beynəlxalq donorlarla, qeyri-hökumət təşkilatları ilə və iqlim dəyişikliyinə qarşı mübarizə aparan təşkilatlarla tərəfdaşlıq müqavilələri bağlamağı da planlaşdırır.   

Azərbaycan neft və qaz sənayesinə əsaslanan iqtisadiyyata sahib olmasına baxmayaraq, son illərdə bərpa olunan enerji mənbələrinə və dayanıqlı inkişaf hədəflərinə xüsusi diqqət yetirir. COP 29-un Azərbaycanda keçirilməsi, ölkənin bu sahədəki siyasətini və inkişaf etmiş texnologiyalarını qlobal auditoriyaya təqdim etmək üçün yaxşı bir fürsət olacaq. 

Hazırda Azərbaycan ərazisində müxtəlif növ bərpa olunan enerji mənbələrinin, xüsusilə külək, günəş və su enerjisinin inkişafı üçün geniş imkanlar mövcuddur.  Azərbaycanın Xəzər dənizi sahillərində və dağlıq ərazilərində külək enerjisindən istifadə potensialı kifayət qədər yüksəkdir. Xüsusilə Abşeron yarımadası, illik olaraq orta külək sürətinin 7-8 m/s arasında olması ilə külək enerjisi üçün əlverişli bir bölgə hesab olunur. Bu sahədəki əsas layihələrdən biri 240 MW gücündə “ Xızı Abşeron” külək elektrik stansiyası layihəsidir. Dövlətimiz  külək enerjisindən istifadəni genişləndirmək üçün xarici investorlarla əməkdaşlıq edir və bu sahədə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparır.

 Azərbaycanın əksər bölgələri, xüsusən də cənub bölgəsi, illik günəşli saatların çoxluğu ilə günəş enerjisi istehsalı üçün əlverişlidir. Ölkənin günəş enerjisi potensialı təxminən 5000 MVt təşkil edir ki, bu da enerjinin alternativ mənbələrindən biri kimi geniş miqyasda istifadəyə imkan verir. Bu baxımdan “Qaradağ” , “Suraxanı” günəş elektrik stansiyaları xüsusi əhəmiyyətə sahibdir. 

Azərbaycanın dağlıq ərazilərində su resurslarının geniş istifadəsi ilə hidroelektrik stansiyaların inkişafı üçün də böyük potensial mövcuddur. Azərbaycanda “Mingəçevir”, “Şəmkir”, “Yenikənd” kimi mühüm əhəmiyyətə malik su elektrik stansiyaları mövcuddur. 

COP 29-un Azərbaycanda keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün unikal bir platforma yaradacaq. Bununla da, xarici investorlar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətləri və bərpa olunan enerji sahəsindəki imkanları yaxından tanımaq imkanı qazanacaqlar.

COP 29-un Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını nümayiş etdirmək üçün mühüm bir addımdır. Bu konfrans, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatması, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və beynəlxalq iqlim siyasətində daha aktiv rol oynaması üçün böyük imkanlar yaradacaq. Eyni zamanda, bu tədbir, Azərbaycanın ətraf mühitin qorunması sahəsində lider bir ölkə kimi tanınmasına və beynəlxalq ictimaiyyətə öz təcrübələrini təqdim etməsinə töhfə verəcəkdir.
                                                                                                   

Ziyafət Əsgərov
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini.

Seçilən
20
1
sabahinfo.az

10Mənbələr