AZ

Bakıda uşaq evində qoturluq xəstəliyi yayıldı

Paytaxtda yerləşən 3 saylı uşaq evində qoturluq xəstəliyi yayılıb.

Bu müəssisə daha əvvəl də bir sıra qalmaqallarda adı hallanıb. Sonuncu dəfə burada 15 yaşlı bir qızın qaçması ilə bağlı xəbər yayılıb, daha əvvəl isə bir azyaşlının döyülməsi iddia edilib.

Bəs kimsəsiz uşaqların fiziki və mənəvi zorakılığa məruz qaldığı, sağlamlıqlarının təhdid altında olduğu bu uşaq müəssisəsi ilə bağlı hər hansı bir tədbir görülüb?

Məsələ ilə əlaqədar olaraq Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Murad Həşimov bildirib ki, qoturluq xəstəliyi ilə bağlı ilkin şübhə yarandığı andan müvafiq tibb müəssisəsinə müraciət olunub:

"Həmin 5 uşaq stasionar müalicəyə qəbul edilib, müalicə prosesinin başa çatmasının ardından onlar laboratoriya testlərinin nəticələrinə əsaslanaraq müəssisəyə geri qaytarılıblar. Hal-hazırda vəziyyətləri yaxşıdır. Qoturluq diaqnozu qoyulduğu andan etibarən Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən müəssisədə dezinfeksiya işləri həyata keçirilib. Xəstəliyin, evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisəyə keçdiyi ehtimal olunur."

Qurumdan verilən məlumata görə, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, bəzi əməkdaşlar öz işlərində uşaqlara qarşı qeyri-ciddi yanaşma və zorakılıq hallarına yol verib, nizam-intizam qaydalarına riayət etməyiblər. Bundan əlavə, sosial-psixoloji işin düzgün şəkildə təşkil edilməməsi, sanitar-gigiyena qaydalarına əməl olunmaması və sənədləşmə işinin düzgün aparılmaması müəyyən edilib.

Ümumilikdə 41 əməkdaş haqqında intizam tənbehi və xəbərdarlıq tədbirləri görülüb. Onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilmiş, 8 əməkdaşa yazılı xəbərdarlıq edilib. 7 əməkdaşın isə əmək müqaviləsi ləğv olunub.

 

Seçilən
3
5
7news.az

7Mənbələr