AZ

Mədəniyyət Nazirliyi COP29-la bağlı videoçarx hazırlayıb

Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi COP29 tədbirləri çərçivəsində Azərbaycanının təbii və mədəni irsinə həsr olunan layihə hazırlayıb.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, layihənin hazırlanmasında məqsəd təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir.

Görüntüləri müşayiət edən musiqidə təbiət səsləri - suyun şırıltısı, quşların civiltisi, balabanının zümzüməsi insan avazı ilə təqdim olunur; yağışın həzin sədası, ildırımın vahiməli, gurultulu səsləri Qobustan daşlarının və nağara ritmləriylə əvəz olunur; küləyin vıyıltısı tarda muğam fraqmentləriylə müşayiət olunur. Təbiətin dörd ünsürü - su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilir.

Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında - Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb.

Bu videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb, bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində - daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlı olduğunu görmək olar.

Azərbaycanın təbii və mədəni irsinin bağlılığına həsr olunan bu layihədə məqsəd “Mədəniyyət həm də təbiət üçündür”, “Mədəniyyət həm də iqlimə xidmət edir” fikrini çatdırmaq olub.

Seçilən
33
3
hafta.az

3Mənbələr