Çeçenistanda Rusiya Qvardiyası və Daxili İşlər Nazirliyinin əməkdaşları qapı-qapı gəzərək, Ukraynada müharibəyə göndərmək üçün kişiləri saxlayırlar.
Publika.az xəbər verir ki, bu barədə “Memorial” hüquq müdafiə mərkəzi məlumat yayıb.
Bildirilir ki, Çeçenistan təhlükəsizlik qüvvələri oktyabrın 24-də Qroznı rayonunun Petropavlovskaya kəndində Milli Qvardiyanın karvanının atəşə tutulmasından sonra 2000-ci illərin əvvəllərindəki “təmizləmə əməliyyatları” praktikasına qayıdıb. Onlar hadisədən iki gün sonra Petropavlovskaya yaxınlığındakı bütün yaşayış məntəqələrində evləri gəzməyə başlayıblar. Təhlükəsizlik qüvvələri pasport və nəqliyyat vasitələrinin sənədlərini yoxlayıb, ev təsərrüfatlarına baxış keçirib və qeydiyyatı olmayan şəxsləri axtarıblar.
“Ən xırda qanun pozuntusu aşkar edildikdə, hərbi xidmətə yararlı şəxsləri saxlayıb polis bölmələrinə aparıblar. Bundan sonra onların telefonları müsadirə edilib, təhlükəsizlik qüvvələri Çeçenistan hakimiyyətini tənqid edənlərin Telegram kanallarına abunə olub-olmadığını yoxlayıb. Əgər onlar tapılarsa, məhbuslara seçim təklif olunur: ya cəbhəyə gedəcək, ya da barələrində cinayət işi açılacaq”, - “Memorial” yazır.