AZ

Bahar Muradova ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələri ilə görüşüb

Noyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın COP29 Konfransı çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi)  yüksək rütbəli nümayəndəsiCek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansenlə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, onları bütün dünya üçün vacib olan Qlobal Sammit çərçivəsində ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

B.Muradova dünyamızı təhdid edən bir sıra məsələlərə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə din xadimlərinin verə biləcəyi rolu yüksək qiymətləndirib, xüsusilə yaşıl planet naminə çalışmağı və bu məqsəd üçün dini liderləri bir araya gətirərək dünyaya çağırış etməyi müqəddəs bir iş adlandırıb. Ölkəmizin Cənubi Qafqazda sülh gündəliyini irəli sürdüyünü qeyd edən sədr əlavə edib ki, din xadimlərinin sülh quruculuğuna verə biləcəkləri töhfə misilsizdir.

Sədr Fondun və onun fəallarının bütün dünyada, eləcə də Azəbaycanda gördüyü işləri təqdir edərək, xüsusilə də  işğaldan azad olunmuş ərazilərdə fəalların minatəmizləmə işinə cəlb olunmasını bu ərazilərdə həyatın və ədalətin bərpa edilməsinə töhfə verən addım kimi qiymətləndirib. O, təşkilatın yaşıl planet naminə həyata keçirdiyi layihələrlə həm də müharibələrin dayandırılması, onların təsirlərinin aradan qaldırılmasına dəstək göstərəcəyinə inamını ifadə edib.

Ölkəmizdə ailə institutunun əhəmiyyətinə diqqət çəkən Komitə sədri, qayıdış prosesi çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən əhalinin adaptasiya və məşğulluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı işlərin və layihələrin həyata keçirildiyi barədə məlumat verib.

Mormon kilsəsinin yüksək rütbəli nümayəndəsi Cek Gerard səmimi qəbula görə təşəkkürünü bildirib. O, kilsənin uşaq, qadın və ailə məsələləri ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət çəkərək, müvafiq sahədə Komitə ilə  birgə fəaliyyətə maraqlı olduğunu bildirib. C.Gerard, kilsənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi prosesində, eləcə də sülh quruculuğu işində yaxından iştirak etdiklərini qeyd edib. 

Daha sonra çıxış edən Stirlinq Fondunun prezidenti Mayls Hansen Fondun müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində 42 ölkədə fəaliyyət göstərək həyata keçirdiyi işlərdən bəhs edib. O, Dövlət Komitəsi ilə müvafiq sahədə əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Seçilən
17
ikisahil.az

1Mənbələr