AZ

Qiymətləndirmə sektorunun inkişafı: gözləntilər və perspektivlər – Ekspert şərhi

“Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisi bir sıra amillərdən bilavasitə asılıdır və əminik ki, Qiymətləndiricilər Palatasının formalaşması ilə buna nail olunacaq”.

Bu sözləri “FM Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənov söyləyib.

Onun sözlərinə görə, kompleks islahatlar sayəsində qiymətləndirmə sektoru yeni inkişaf mərhələsinə qədəm qoyacaq:

“Beynəlxalq qiymətləndirmə standartları ilə yanaşı, mövcud qanunvericiliyə inteqrasiya olunmuş milli standartların hazırlanması, xarici təcrübədə uğurla sınaqdan keçən IVS və digər metodların tətbiqi sektorun inkişafına mühüm töhfələr verəcək. Sektorun inkişafı istiqamətində qarşıda duran başlıca vəzifələrdən biri budur. Məhz bu standartlar bazarda şəffaflığın təmin olunmasına, obyektiv qiymətləndirmə rəylərinin hazırlanmasına gətirib çıxaracaq. Bu baxımdan hesab edirəm ki, əsas diqqət məhz qiymətləndirmə standartlarının hazırlanmasına yönəlməlidir. Qiymətləndiricilərin peşəkarlıq səviyyəsini artırmaq, müqasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə təlim-tədris prosesi də keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır. Yaxşı olardı ki, beynəlxalq səviyyədə tətbiq olunan sertifikatlaşdırma proqramları Azərbaycanda da tətbiq olunsun. RICS, ASA və s. insitutlar tərəfindən təqdim olunan sertifakatlara adekvat sertifikasiya proqramlarının hazırlanmasına başlanmalıdır”.

Ekspert qeyd edir ki, qiymətləndirmə xidmətlərinin əlçatanlığının təmin olunması da qarşıda duran əsas hədəflərdən biridir:

“Əhali arasında maarifləndirmə və təbliğat işləri yüksəldilməli, qiymətləndirmə sahəsinin real istiqamətlərinin üstünlükləri cəmiyyətə aşılanmalı, vahid məlumat bazasının yaradılması istiqamətində səylər gücləndirilməlidir. Çox təəssüf ki, bu günə qədər Azərbaycanda elektron qiymətləndirmə platforması mövcud olmayıb. Bu səbəbdən qiymətləndirmə xidmətləri əsasən mənzillərə və obyektlərə baxışlar üzərindən həyata keçirilib. Müasir dövrdə isə, qiymətləndirmə fəaliyyətini elektron formada həyata keçirən platformalar hazırlanmalıdır. Bu platformalarda daşınmaz və daşınar əmlak bazarının təhlilinə, analitik müqayisələrə şərait yaradacaq alqoritmlər işlənməlidir. Bütün bunlarla bərabər, beynəlxalq əməkdaşlığa da xüsusi diqqət ayrılmalı və təmaslar əsasən peşəkar təcrübə mübadiləsi formatında təşkil olunmalıdır” – Həsənov vurğulayır.

Əlavə edir ki, Qiymətləndiricilər Palatası təsis olunandan sonra sektorun inkişafına dair təkliflərini Qiymətləndiricilər Palatasının rəhbərliyinə təqdim edəcəklər:  “Sektorun tərəqqisi istiqamətində təkliflər paketimizi təqdim etməyi və Qiymətləndiricilər Palatasının tərkibində həyata keçirməyi nəzərdə tuturuq” – deyə, müsahibimiz fikrini tamamlayır.

Seçilən
154
1
apress.az

2Mənbələr