AZ

Şanlı Zəfərimiz Qürur mənbəyimizdir

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərimizin növbəti ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən dörd il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.  Torpaqlarımızın işğal altında olduğu 30 illik dövr ərzində hər bayram ən böyük arzusunun növbəti bayramı Qarabağda qeyd etmək istəyi olan xalqımız üçün Zəfər Günü üçün bundan daha möhtəşəm tarix ola bilməzdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Ordumuz Ermənistanı məğlubiyyətə uğradaraq 30 illik işğala son qoydu və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirdi.

Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək Zəfərə gedən yolu günbəgün yaxınlaşdırırdı. Artıq “Dəmir Yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və beləliklə, Ordumuzun əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı.

İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın ən məşhur hərbi institutları tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.

44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Şanlı Qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və tarixi abidələrimiz bərpa olunur, azad Qarabağımıza yeni nəfəs gəlir.

Qədirbilən Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.

İllər keçdikcə Zəfər Gününün əhəmiyyəti daha aydın görünəcək. Şübhə yoxdur ki, müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq və gələcək nəsillərə ən dəyərli vətənpərvərlik nümunəsi kimi ötürüləcək.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr