Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlov tərəfindən sual-cavab edilib.
Vəkil ondan “ATABank”dan götürdüyü iddia olunan 24 milyon manat kredit barəsində soruşub.
Zahid Niftəliyev adına götürülən heç bir kredit haqda məlumatı olmadığını bildirib:
"Həmin pul mənim adıma götürülüb. Müdafiə Nazirliyi üçün müəyyən işlərin görə şirkət açmaq məqsədimiz var idi. Nəcməddin Sadıkov kimilər tərəfindən üstümə şər atılıb".
O, əlavə edib ki, kreditlə bağlı məlumatı bank müdirinin zəngi əsasında öyrənib: "Mənim kreditin təyinatından mərhum vergilər naziri Fazil Məmmədov işdən çıxandan sonra xəbərim olub. Fazil Məmmədov bizə dedi ki, kömək etmək istəyir. Mənim açdığım şirkət vasitəsilə həmin təyyarələr alınmalı idi. Lakin, heç bir kredit söhbəti olmamışdı. Fazil öləndən sonra bank müdiri məni çağırıb dedi ki, adınızda kredit var".
Vəkil ona adına imzalanmış 7 müqavilə ilə bağlı da sual ünvanlayıb. Z.Niftəliyev sadəcə, bir dəfə müqavilə imzaladığını bildirib.
Daha sonra ona "SVİFT KONSALTİNQ LİMİTED" adlı şirkətə köçürmələrlə bağlı sual verilib.
Təqsirləndirilən şəxs adı çəkilən şirkətə köçürüldüyü iddia olunan 16 milyon 847 min 800 manat puldan xəbəri olmadığını bildirib: "Mən bircə onu bilmişəm ki, avadanlıqlar bu şirkətin vasitəsilə gətiriləcək".
Ə.Adıgözəlov ona 62 min manatlıq mənimsəmə ittihamı ilə bağlı da sual ünvanlayıb. Lakin, məhkəmə heyəti bunun keçmiş məhkəmə prosesinin mövzusu olduğunu və artıq o barədə hökm oxunduğunu bildirərək suala etiraz edib.
Məhkəmə noyabrın 27-dək təxirə salınıb.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.