AZ

Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Ankarada nümayiş olunub

Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filminin Ankarada qala gecəsi keçirilib.

Filmin nümayişi Türkiyə Prezident Adminstrasiyası nəzdindəki Simfonik Orkestr Binasının (CSO) Mərkəzi Tarixi Salonunda baş tutub.

Qeyd edək ki, “Köhnə çamadanlar” filmi Birinci və İkinci Qarabağ müharibəsinin qadın qəhrəmanlarının keçdikləri döyüş yolu əsasında ekrana gətirilib.

“Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.

Filmdə xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.

Bundan başqa, filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

Baş rolun ifaçısı Məmməd Səfa "Report"a açıqlamasında deyib ki, filmdə Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına dair kinematoqrafik təsvir verilib.

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva deyib ki, kino Türkiyədə ilk dəfə nümayiş olunur və digər təşkilatçılarla yanaşı, professor Aygün Attar tərəfindən dəstəklənir.

Ekran işi 2021-ci ildə istehsal olunub.

Mənbə: report.az

Seçilən
18
2
report.az

3Mənbələr