AZ

Pelşe və Dolgixin yerdə qalan portretləri - 7 noyabrı bilməyən nəsil

 

“İndiki cavanlar bilməz” rubrikasında daha bir söhbətin dəmi gəldi.

Sabah 7 noyabrdır və indiki gənclərin böyük əksəriyyəti bilmir ki, o nə gündür. Bu, onlar üçün adi təqvim günlərindən biridir.

Amma uşaqlığı, yeniyetməliyi, gəncliyi sovet dövrünə düşənlər 7 noyabrın nə demək olduğunu yaxşı bilirlər.

7 noyabr bizə Böyük Oktyabr Sosialist İnqilabı kimi təqdim olunan dövlət çevrilişinin (1917-ci il) baş tutduğu gündür.

İndi bəziləri deyəcəklər, “Oktyabr inqilabı” niyə noyabrda olub. Ona görə elə olub ki, sonradan təqvimi dəyişdiriblər, ilin hesablanmasını 12 gün qabağa sürüşdürüblər, ona görə də əslində oktyabrın 25-də baş tutmuş çevriliş gəlib düşüb noyabrın 7-nə.

Biz o vaxtlar noyabrın 7-lərində parada çıxardıq. Sırsıralı, tutqun, göydən zəhrimar tökülən gün olardı, amma əllərində qırmızı bayraqlar, “Sov.İKP-yə eşq olsun” transparantları, sovet dövlətinin liderlərinin portretlərini tutan tələbələr və zəhmətkeşlər karvan-karvan mərkəzi tribunanın önündən keçər, rəhbər kommunistlərə salam verərdilər. Onlar da əyinlərinə qalın palto geymiş halda, gülümsər çöhrə ilə xalqa əl yelləyərdilər.

Hər zavodun, fabrikin, institutun anbarında parad ləvazimatları vardı. Bu hacətlər bir dəfə də 1 May – Zəhmətkeşlərin Həmrəyliyi Günündə kara gəlirdi. Parada gəlməyənlərin siyahısı tutulurdu. Fərarilik mümkün deyildi. Amma tələbələrin çoxu portretlərə yiyə durmurdu. Heç kəs, məsələn, Arvid Yanoviç Pelşenin və ya Vladimir İvanoviç Dolgixin portretini başının üstünə qaldırıb yerimək istəmirdi. Hərçənd elə Siyasi Büro üzvləri vardı ki, onların portretlərini daşımağa həvəsli olanlar çoxu idi. Sovet dövründə də gizli millətçilik vardı – yüngülvari şəkildə.

Yuxarıda “inqilab” əvəzinə “çevriliş” dedik, gerçəkdən də elə olmuşşdu. Əsl rus inqilabı 1917-ci ilin fevralında olub: bütün siyasi partiyalar birləşib çarı deviriblər. Çünki çar artıq dövləti idarə edə bilmirmiş. Amma o inqilabın adını sovet kitablarında “Fevral burjua inqilabı” qoymuşdular.

Həmin ilin oktyabrında isə bolşeviklər gecəylə hücum edib Qış sarayını götürüb, müvəqqəti hakimiyyəti devirib, dövlət çevrilişini həyata keçirəndən sonra haqq-hesabın adına “inqilab” deyiblər.

O inqilab, bu inqilab, bolşeviklər düz 70 il boyunca “inqilab” deyə-deyə SSRİ-ni xoşbəxt eməyə çalışdılar, minlərlə uşağa İnqilab adı qoydular, amma düz-əməlli, sabit, firavan dövlət qura bilmədilər.

Öz dövrünün İŞİD-i, “əl-Qaidə”si kimi davrandıqlarına baxmayın, əslində lap əvvəldə bolşeviklərin niyyəti saf, əqidələri möhkəm, qəlbləri pak olub, çar məmurlarının özbaşınalığına, rüşəvtxorluğuna, kapitalistlərin harınlığına, zülm-zillətinə son qoymaq istəyirmişlər. Ona görə də milyonlarla günahlı-günahsız insan öldürüblər ki, cəmiyyəti pis adamlardan təmizləsinlər. Amma vəzifəyə qoyduqları “yaxşı adamlar” da az sonra pozulub, “pis adamlar” olub. Ona görə də sovetin “pis adam” üyüdən dəyirmanı işləyə-işləyə gedirdi.

Özlərinə görə ideologiyaları, proqramları da vardı bolşevik-kommunistlərin. Amma o planların, proqramların icrasına nəzarət “pis adamlar”ın əlində olub. Təsəvvür edin ki, insanların kütləvi şəkildə fizika, kimya bilmədiyi SSRİ-ni qısa müddətdə nüvə dövləti edən şəxsi axırda güllələyiblər, hələ üstünə ad da qoyublar: “Beriya arvadbaz olub”.

Sonradan tarixçi Roy Medvedyev araşdırıb ortaya qoydu ki, ittifaq ağsaqqalı Kalinindən tutmuş tərifli marşal Jukova qədər hamısının nikahdankənar ilişkiləri varmış. Yeri gəlmişkən, teatrların, operaların ən qəşəng müğənnilərini, aktrisalarını Siyasi Büro üzvləri, nazirlər, marşallar saxlayırmış. Hətta tarixçilər yazır ki, əslində Stalin Kirovu ona görə öldürtdürüb ki, ikinci lotu onun məşuəsinə girişirmiş. Sonradan Lunaçarskinin, Zinovyevin, Yejovun, Çiçerinin, hətta Trotski və Leninin adına daha pis sözlər çıxardılar.

Bəs bolşevik-kommunistlər başqa yol tutsaydılar, dövlətçilliyə elmi şəkildə yanaşsaydılar, yaxşı dövlət qura bilərdilərmi?

Çinin müasir xariqəsi, iqtisadi möcüzəsi göstərir ki, dövləti kommunist-kommunist idarə etməklə də bir tərəfə çıxarmaq mümkün imiş. Amma ondan ötrü çinlilər kimi düşünmək, çinlilər kimi irəlini görmək və onlar kimi işləmək lazım idi.

Ötən əsrin 60-cı illərində Çin kommunistləri görəndə ki, sovet tipli kolxoz-sovxozlarla, fabrik-zavodlarla iş yerimir, iqtisadi siyasəti dəyişmək lazımdır, sovet rəhbərləri dirəşirdi, buğda əvəzinə qarğıdalı əkdirirdi, gizli sex açıb ayaqqabı, tuman-köynək tikənləri güllələyirdi. Amma Çinin rəhbərləri sex açmaq istəyənlərə kredit verdi, təftiş orqanlarının onlardan xərac almasına imkan vermədi, nəticədə indi Çin dünyanın 200 dövlətinə tuman-köynək və 1001 adda məmulat satır – su qabından “SU-25”-ə qədər.

Parada qalsa, hər il Çində də xalq paradlara çıxır, “kompartiya rəhbərlərinə eşq olsun” qışqırırlar, amma paraddan sonra gedib işlərini görürlər. Bizdə paraddan sonra əmək kollektivlərinin kişi üzvləri adambaşına iki araq götürüb “mayovka”ya gedirdilər.

7 noyabr paradının sonrası isə sırf yağmurlu, soyuq olduğuna görə “vino-vodoçnu” hava sayılırdı və sovet sənayesinin istehsal etdiyi içkilərin mağazalardan qısa zamanda tükənməsi prosesi gedirdi.

Yəni sovet adamları istəsələr belə o qafa ilə yaxşı dövlət qura bilməzdilər. Budur, SSRİ 33 ildir dağılıb gedib, amma Rusiya hazırda dünyanın ən istismarçı kapitalistlərə, ən rüşvətxor məmurlara, ən səriştəsiz hərbçilərə malik ölkəsinə çevrilib. Ortada düz-əməlli bolşevik də yoxdur, “bütün hakimiyyət sovetlərə!” qışqırsın.

 

Seçilən
15
musavat.com

1Mənbələr