AZ

Azərbaycan birgəyaşayışın, mədəni müxtəlifliyin mövcud olduğu ölkədir

Dini Liderlərin Qlobal Sammitində bir daha bu çağırış edildi ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərdə səylərimizi birləşdirməliyik

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən «Dünya dinləri yaşıl planet uğrunda» mövzusunda Dini Liderlərin Qlobal Bakı Sammiti tolerant ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrə bir daha işıq saldı. Azərbaycan daim birliyə, həmrəyliyə, əməkdaşlığa çağırışlar edərək qlobal problemlərin həllində səylərin birləşdirilməsini vacib amil kimi önə çəkir. Dövlət başçısı İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətində bu məqamları xüsusi diqqətə çatdırdı. «Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm. Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

Müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən Azərbaycanın körpü rolu daim beynəlxalq səviyyədə təqdir edilir. Ölkəmizin bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Cənab İlham Əliyevin daim qeyd etdiyi kimi, biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Multikulturalizm bizim üçün həyat tərzidir. 2016-cı ilin Azərbaycanda «Multikulturalizm ili», 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirdi. Bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilməz və sülh bərqərar olar.

Hər zaman qeyd etdiyimiz kimi, uğurlarımızın zirvəsində Azərbaycanın tarixi Zəfərə imza atması dayanır. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə nail olmaqla tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin birliyi, həmrəyliyi xüsusi qeyd edilir. 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu məqama yönlətdi ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. «Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsi Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını göstərdi. Ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk: «Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.» Dövlət başçısı İlham Əliyev festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsinin də təsadüfi olmadığını bildirdi. Azərbaycan xalqı öz dini, milli, mənəvi köklərinə bağlı olan xalqdır. Əks-təqdirdə, heç vaxt işğala son qoya bilməzdik.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlananda dövlət başçısı İlham Əliyev infrastrukturun yenilənməsi ilə yanaşı, tarixi və dini abidələrimizin də bərpasını qarşıya əsas hədəf kimi qoydu. Bu mənada Heydər Əliyev Fondunun ötən dörd ildə tarixi və dini abidələrimizin bərpası istiqamətində gördüyü işlərə diqqət yetirmək kifayətdir. Ermənilər tarixi və dini abidələrimizi dağıdıb, yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini, tarixini silməyə çalışdılar. Unutdular ki, tarixi silmək qeyri-mümkündür. Necə ki, bu gün bu abidələrimiz erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır.

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, qarşı tərəfdən də onları eyni şəkildə yerinə yetirməyi tələb edir. Azərbaycan hər zaman dünyaya sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşayışa çağırış edir. Ölkəmiz sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanıb. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır.

Reallıq budur ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. Təbii ki, bu uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, ən əsası qazandığı hörmət və etimaddır. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməklə əldə etdiyi təcrübəni, inkişaf modelini dünyaya təqdim etmək imkanı qazanan Azərbaycan beynəlxalq əməkdaşlığın xarici siyasətin önündə dayanan əsas məsələ olduğunu dünyaya nümayiş etdirir.

Təbii ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dini Liderlərin Qlobal Sammiti də bu baxımdan diqqətdədir Belə tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Tarix, ənənələr və coğrafiyamız onu diktə edir ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkandır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.

Müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Dövlətimizin başçısı daim çıxışlarında bu məqamı da xüsusi vurğulayır ki, tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.

Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğu üçün hər bir məsələyə bu prinsiplər çərçivəsində yanaşma nümayiş etdirir. Dünya güclərinin isə maraqlarını hər şeydən üstün tutmaları artıq bu prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə də bu məsələlərə diqqət yönəldildi. Cənab İlham Əliyev çıxışında bildirdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Çıxışda o da qeyd edildi ki, Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcək. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminik. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda yaranan sabitliyin pozulmaması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyinə toxundu. Türkiyə Prezidenti bildirdi: «Hörmətli qardaşlarım, Cənubi Qafqazda mövcud olmuş 30 illik münaqişə və qeyri-sabitlikdən sonra sülh və əmin-amanlığa gedən yolun qapıları açılmışdır. Can Azərbaycanın Vətən müharibəsində döyüş meydanında şəhidlər verərək əldə etdiyi tarixi uğurların ən yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə masada da əksini tapmasını ümid və arzu edirik.»

Günümüzün reallıqları bir daha Dini Liderlərin Qlobal Sammitində səsləndirilən fikirləri təsdiqləyir. Sammit iştirakçıları bir daha əsaslı şəkildə qeyd etdilər ki, Azərbaycan müxtəlif mədəniyyətləri, ayrı-ayrı dinləri, tarixi irsi, ənənəvi ailə dəyərlərini yaşadan bir ölkə kimi bütün dünyaya sülhsevər dövlət olduğunu nümayiş etdirir.

Azərbaycanın zəngin təcrübəyə malik olması qlobal problemlərin həllinə töhfələr verməsində əhmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışı iqlim dəyişmələrinin yaratdığı problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsidir. Ölkəmizin COP29-a ev sahibliyi bu sahədə mövcud imkanların təqdimatıdır. Dini Liderlərin Qobal Sammitində vurğulandı ki, bu gün dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verə bilərik. Birgə layihələr və birgə idarəetmə vasitəsilə yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması və sağlamlığın təşviqi mümkündür. Birlikdə atdığımız hər addım, başlatdığımız hər bir təşəbbüs və paylaşdığımız hər mesaj təkcə ətraf mühitin bərpasına kömək etmir, həm də ortaq dünyamızı qoruyur. Tolerantlığın, müxtəlif mədəniyyətlərin mövcud olduğu Azərbaycan kimi bir diyarda belə mühüm tədbirin təşkili özündə mühüm məqamları ehtiva edir. Belə bir çağırış səsləndirildi ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərdə səylərimizi birləşdirməliyik.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
57
ikisahil.az

1Mənbələr