AZ

Mədəniyyət və İncəsənət Universitetində “Zəfər sədası”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu ali təhsil ocağının və “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər sədası” adlı tədbir keçirilib.

Tədbirin qonaqları arasında şəhid ailələrinin üzvləri, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, qazilər, Milli Məclisin deputatı Aydın Mirzəzadə də olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək Zəfər Gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, biz Vətənin müdafiəçilərinin xatirəsini daim ehtiramla yad etməli, onların göstərdiyi qəhrəmanlığı xatırlamalıyıq. “Artıq bir neçə ildir ki, bu əlamətdar günlərdə ordumuzun tarixinin şanlı səhifəsini qeyd edirik. Hər birimiz Azərbaycanın müasir tarixində iz qoyanları təkcə noyabrın 8-də deyil, ilboyu xatırlayırıq”, -deyən rektor Zəfər Gününün azərbaycanlılar üçün mühüm əlamətdar hadisəyə çevrildiyini vurğulayıb.

O, həmçinin böyük Qələbənin əldə edilməsində əməyi olan hər kəsə, o cümlədən şəhid ailələrinə, onların müəllimlərinə, qazilərə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı əmr verən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Şəhidlərin, qazilərin rəşadətlərinin tarixə düşdüyünü vurğulayan rektor, həmçinin Azərbaycan xalqının mətanət rəmzinə çevrilmiş rəmzi “Dəmir yumruğu” xatırladıb, ölkənin dinc gələcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O deyib: “Siyasi təzyiqlərə baxmayaraq, biz beynəlxalq arenada öz mövqeyimizi müdafiə edə bildik. Ali Baş Komandanımız Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bu, təkcə hərbi zəfər deyil, həm də birliyimizin, əzmimizin simvoluna çevrildi. Bu Qələbə xalqımızın mətanətinin, əsgərlərimizin şücaətinin və rəhbərliyimizin düzgün strategiyasının nəticəsidir. Biz hamımız bu Qələbə ilə fəxr edirik, çünki o, bizim gücümüzün və haqq işimizin təntənəsinin təzahürü oldu. Bu gün biz də şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlara minnətdarlığımızı bildiririk”.

Millət vəkili COP29-un Azərbaycan üçün əhəmiyyətini də vurğulayıb: “Bir neçə gündən sonra Azərbaycan növbəti dəfə prezidentlərin, Baş nazirlərin, dövlətlərin çoxsaylı yüksəkvəzifəli rəsmilərinin, eləcə də on minlərlə qonağın iştirak edəcəyi mötəbər beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Onlar təkcə iqlim dəyişikliyini müzakirə etməyəcək, həm də Azərbaycanla - xalqımız, tariximiz, mədəniyyətimiz və incəsənətimizlə tanış olacaqlar. Biz onlara göstərəcəyik ki, çətin sınaqlara baxmayaraq, əsgərlərimiz torpağımız uğrunda şərəflə döyüşüb, xalqımız qüdrətli müstəqil dövlət yaradıb”.

Şəhid Polad Həşimovun anası Səmayə Həşimova zalda iştirak edən qazilərə minnətdarlığını bildirib, şəhidlərin ruhunun şad olmasını diləyib. Oğlunun qəhrəmanlıq şücaətinə dərin hörmət və minnətdarlıq əlaməti olaraq, zaldakı bütün iştirakçılar onu sürəkli alqışlarla qarşılayıblar.

Qazi Kamil Musəvi hər kəsi qarşıdan gələn bayram münasibətilə təbrik edib, general-mayor Polad Həşimovla bağlı xoş xatirələrini bölüşüb, onun əsgərlərə necə dəyər verdiyini, onlarla bir ailə üzvü kimi rəftar etdiyini qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib.

Seçilən
24
tehsil.biz

1Mənbələr