AZ

Dövlətimizə sevgi və sədaqətin rəmzi ŞƏRH

Bayraq hər bir millətin və milli dövlətin mühüm, ən müqəddəs rəmzlərindən biridır. Bayraq millətin varlığının, mövcudluğunun sübutudur. Bayraq eyni zamanda müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Qürur mənbəyimiz olan Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib və İclasın keçirildiyi Azərbaycan Xalq Cumhurriyyəti Nazirlər Şürasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Üçrəngli bayrağımız ikinci dəfə, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Dövlət bayrağımiz bərabər enli üç üfiqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağındakı üç rəngin ifadə etdiyi və 20-ci əsrin əvvələrindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, Müasirlik və İslamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman bayraq sevgisinin Vətən sevgisi qədər uca olduğunu vurgulayaraq deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarını azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir ”.

2020-ci il sentyabrın 27-dən başlanmış Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 30 il ərzində işgal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı qüvvələri birgünlük lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, düşmənin qanunsuz silahlı dəstələri məhv etdi. Və beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa olundu.

Bu gün xalqımız Bayraq Gününü böyük qürurla, sevinclə qeyd edir. Çünkü möhtəşəm üçrəngli bayrağımız ölkəmizin bütün yerlərində Xankəndidə, Xocalalıda, Ağdərədə, Xocavənddə, Qarabağımızda dalğalanır. Qürur mənbəymiz olan üçrəngli bayrağımız heç zaman enməyəcək, daim ən yüksəkdə dalğalanacaq.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının

Seçilən
11
1
sesqazeti.az

2Mənbələr