ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp seçiciləri ilə görüşü zamanı Yaxın Şərqdə xaosu dayandırmağa hazır olduğunu bildirmişdi. Prezident seçkilərindəki qalibiyyətindən sonra HƏMAS sözçüsü Sami Əbu Zuhri Donald Trampı Co Baydenin səhvlərindən dərs almağa çağırıb. Zuhrinin sözlərinə görə, Demokratik Partiyanın məğlubiyyəti onun rəhbərliyinin Qəzza məsələsində cinayətkar mövqeyinə görə qisasdır.
Tramp vədinə əməl edərsə, qarşıdakı dövrdə HƏMAS-ABŞ gərginliyi yaşana bilərmi?
Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, HƏMAS sözçüsü Sami Əbu Zuhrinin Trampı Co Baydenin səhvlərindən dərs almağa çağırması ABŞ və HƏMAS arasındakı gərginliyin davam edəcəyini göstərir.
Kamran Məmmədli, politoloq
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələrin bir çoxunun dərin köklərə malik olması xarici müdaxilələrin hər zaman müsbət nəticə vermədiyini, əksinə daha çox qarşıdurmalara səbəb ola biləcəyini nümayiş etdirir:
"Trampın seçiciləri ilə görüşü zamanı Yaxın Şərqdəki xaosu dayandırmağa hazır olduğunu bildirməsi onun bölgədəki gərginliyi azaltmağa yönəlik bir addım atmağa çalışacağını göstərir. Bundan başqa, Trampın keçmişdəki siyasəti, xüsusən İsrailə dəstək və İranla bağlı sərt mövqeyi bu yanaşmanın effektiv olacağına dair suallar doğurur. Trampın ritorikası və siyasətindəki sərtlik HƏMAS və digər Fələstin təşkilatları ilə ABŞ arasında daha da böyüyən bir gərginliyə yol aça bilər. ABŞ-nin İsrailə verdiyi dəstək və Fələstinlə bağlı mövqeyi HƏMAS üçün qəbul olunan bir yanaşma deyil, bu da gələcəkdə qarşıdurmaların şiddətlənməsinə səbəb ola bilər".
Məmmədlinin fikrincə, Trampın Yaxın Şərqdəki münaqişələri həll etməsi olduqca çətin bir məsələdir.
"Bölgədəki münaqişələr yalnız bir dövlətin müdaxiləsi ilə sona çatmaz. Tarixi və sosial faktorlardan qaynaqlanan bu münaqişələr xarici müdaxilələr və güc tətbiqi ilə daha da mürəkkəbləşir. Trampın siyasəti güc istifadə etməyə meylli olduğu üçün bəzən bu yanaşma müsbət nəticələr verməyə bilər. Bu səbəbdən Trampın Yaxın Şərqdəki xaosu dayandırma ehtimalı azdır. Əksinə Netanyahu Trampın seçilməsindən daha da ruhlanaraq hərbi əməliyyatları davam etdirəcək", - deyə müsahibimiz vurğulayıb.
Qeyd edək ki, Donald Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səs həddini keçərək 277 səs toplayıb.
Gülşən Şərif