“Happy Smile” Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan aldığı tibbi ləvazimatlar üçün 62 min manatı ödəməyən şirkət rəhbəri Cənnət Məhərrəmov məhkəmədə qalib gəlib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 33 yaşlı Cənnət sərbəst mühakimə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaq materiallarında deyilir ki, müttəhim Məhərrəmov 10 ilə yaxındır Sumqayıt şəhərində stomatoloji avadanlıqların alqı-satqısı ilə məşğuldur. “Happy Smile”ın rəhbəri və baş həkimi Natəvanla tanışlığı da işlə bağlı yaranıb. Ona tibbi xalatlar satıb.
Bu işdə isə müştəri Cənnət, satıcı Natəvan həkimdir. Qarşılıqlı müqaviləyə əsasən, Cənnət “Happy Smile” klinikasından nisyə 69 min 500 manatlıq tibbi ləvazimat və digər avadanlıqlar götürüb. Bir müddət sonra borcun 7 min 500 manatını ödəyib, qalan məbləği ödəməkdən imtina edib.
Pul üstündə başlayan mübahisə tərəfləri məhkəməyə kimi gətirib çıxarıb. Klinika rəhbəri Cənnətin hərəkətini dələduzluq kimi qəbul etsə də, digər detallar ortaya çıxıb. Müdafiə tərəfinin təqdim etdiyi dəlil və sübutlardan, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, məsələ başqa cürdür.