AZ

Süni ot, sərt külək, soyuq və aramsız yağış "Qarabağ"a mane olacaqmı?

Avrokubokların liqa mərhələsinin startı ərəfəsində “Opta” superkompüteri müəyyənləşdirmişdi ki, pley-offa çıxmaq istəyən komanda azı 9 xal qazanmalıdır. Yəni 3 qələbə və ya 2 qələbə və 3 heç-heçə kimi nəticələr ilk 24 komanda arasında yer almağa kifayət edə bilər.

İdman.biz xəbər verir ki, hesabında hələ xal olmayan “Qarabağ” üçün artıq “özünəgəlmək” zamanıdır.

Bu gün Norveçdə “Bodo-Qlimt”lə çətin qarşılaşmada uduzmamaq liqa mərhələsinin, necə deyərlər, ikinci dövrəsinə ümidlə baxmağa imkan verəcək.

Azərbaycan çempionu UEFA Avropa Liqasının ilk üç matçında oyun baxımından, demək olar ki, rəqiblərindən geri qalmayıb. Amma dəfələrlə qol imkanlarından yararlanmayıb, cəmi bir dəfə rəqib qapılarına yol tapıb. Üstəlik, komandamızın liqada qapısından ən çox top buraxan (8) iki komandadan biri olması da narahatlıq yaradır.

Düzdür, “Qarabağ” növbəti mərhələyə vəsiqə verən 24-cü yerdən cəmi üç xal geri qalır. Amma hər növbəti uğursuzluq komandanı hədəfdən uzaqlaşdırır…

Daha iki komanda - “Makkabi Təl-Əviv” və “Dinamo Kiyev” də xal üzünə həsrət qalsa da, top fərqinə görə sonuncu – 36-cı yerdə məhz “Qarabağ” qərarlaşıb. Bu da son illərdəki çıxışına görə alqışlar qazanan çempionumuza yaraşmayan nəticədir.

Tarixə nəzər salsaq görərik ki, bundan əvvəl “Qarabağ” iki dəfə Avropa Liqasında qrup mərhələsinə üç məğlubiyyətlə başlayıb. 2018-ci ildə uğursuz startdan sonra dördüncü oyunda Ukraynada “Vorskla”ya 1:0 hesabı ilə qalib gəlib, elə yekunda da qrupda bu üç xalla 4-cü olub.

2020-ci ildə pandemiya dövründə isə Bakıda heç oynamayan “Qarabağ”ın ardıcıl məğlubiyyətlərinin sayı hətta dörd oyuna çatıb, onda da qrupu bir xalla 4-cü yerdə bitirib.

Hazırda Norveç liqası UEFA-nın reytinqində Türkiyədən cəmi bir pillə aşağıda - 11-ci yerdədir, iki klubu da avrokuboklarda mübarizəni davam etdirir. Rəqib “Bodo-Qlimt” də bu liqada son dörd mövsümdə 3 dəfə çempion olmuş komandadır.

Norveçin nüfuzlu “Aftenposten” qəzetinin baş idman yazarı Erlend Nesje ilə söhbət zamanı qarşıdakı oyunu da müzakirə etdik. Norveçli jurnalist deyir: “Bodo-Qlimt” hələ də “Eliteserien”də liderlik edir, lakin ay yarım ərzində onlar ən yaxın izləyiciləri ilə aralarındakı 10 xal fərqini itiriblər və indi zirvədə “Brann”la eyni xala malikdirlər. Yaydakı kimi yaxşı formada deyillər və hücumçu mövqelərində zədələrlə mübarizə aparırlar. Əksər rəqiblərindən daha yaxşı oynasalar da, çoxlu qol imkanlarını əldən veriblər. Bununla belə, Avropa Liqasında iki qələbə və bir heç-heçə ilə işləri yaxşı gedir”.

Amma norveçlilər “Qarabağ”a hörmətlə yanaşırlar: “Bodo-Qlimt” bilir ki, “Qarabağ” keçmişdə Norveç klublarına problem yaradıb. 2020-ci ildə Çempionlar Liqasının seçmə mərhələsində “Molde” kimi güclü komandanı məğlub etməyə yaxın olublar. Ötən mövsümdəsə “Molde”nin Avropa Liqasında irəliləmək arzusunu darmadağın ediblər.

“Bodo-Qlimt” Portuqaliyanın “Portu” və “Braqa” klublarını məğlub etsə də, yaxşı bilir ki, həmişə əzmkar mübarizə aparan "Qarabağ"ı qiymətləndirməmək olmaz”.

Nesje maraqlı bir məqama da toxunub: “Norveç komandası Avropada süni ot örtüyündə oynamaq üstünlüyünə malikdir və ilk matçda evdə “Portu”ya 3:2 hesabı ilə qalib gəlib. “Bodo-Qlimt” Avropada uğura acdır və öz meydanında böyük üstünlük əldə etməyə çalışır. Süni ot, sərt külək, soyuq və aramsız yağış rəqiblərin çoxunu məyus edir”.

Bu maneələr “Qarabağ”a qələbə qazanmaqda mane olacaqmı?

Rasim
İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr