AZ

Tanışını qətlə yetirən şəxslə bağlı məhkəmə iclası keçiriləcək

 

Bakıda tanışını salam almadığına görə qətlə yetirməkdə təqsirləndirilən Vüqar Əliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

"Unikal"ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Çıxış edən dövlət ittihamçısı Orxan Kəngərli işin baxışa verilməsini təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Vüqar Əliyev tanışı Rasim Əhmədova salam verib, sonuncu isə qarşılığında onun salamını almayıb. 

Vüqar Əliyev üzərində olan iti vintaçanla zərərçəkmişə zərbə endirərək qəsdən həyatdan məhrum edib.

Vüqar Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
1147
50
unikal.az

10Mənbələr