AZ

Klub prezidenti ilə jurnalistlər arasında qalmaqal

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. 

“Qafqazinfo” xəbər verir ki, klub rəsmisi media nümayəndələrinin onun təhqir etdiyini iddia edib. 

R.Rəfiyev şikayətində jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr yer aldığını bildirib. 

Məsələ ilə bağlı klubla əlaqə saxladıq. “Sumqayıt”dan verilən açıqlamada deyilib ki, tərəflər arasında problem klubun qarşı tərəfin reklam əməkdaşlığı təklifinə “yox” cavabı verməsindən sonra başlayıb: “Sonrasında isə həmin jurnalistlər tərəfindən klub Prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır. 

Riad Rəfiyevin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər”.

Jurnalist Anar Şabanoğlu isə iddiaları təkzib edib: “Tamamilə yalan və böhtanla dolu bir açıqlamadır. Biz bununla bağlı vəkillə məsləhətləşib əks-iddia qaldıracağıq. “Sumqayıt” Futbol Klubuna nə İxtiyar Əsgərov, nə mən müraciət etmişik. Əksinə, Riad Rəfiyev İxtiyar Əsgərova müraciət edərək ona klubun mətbuat katibi olmağı təklif edib. Amma İxtiyar müəllim bu təklifdən imtina edib. Daha sonra Rəfiyev tənqid etməməsi üçün ona rüşvət təklif edib. İxtiyar Əsgərov təbii ki, bu təklifdən də imtina edib və Riad Rəfiyevə sərt cavab verib. Bütün bu materiallar durur. Rəfiyev heç bir əsas olmadan bizi şikayət edib. Bizə böhtan atır. Riad Rəfiyevin söz azadlığını boğmağa çalışması, jurnalistlərdən hüquq-mühafizə orqanlarına şikayət etməsinin məqsədi nədir bilmirəm”.

İxtiyar Əsgərov isə məsələyə belə aydınlıq gətirib: “Başqa bir sayta istinad edib xəbər qoymuşdum. Qarşı tərəf iddia elədi ki, dəqiqləşdirilməmiş informasiya yazmışam. Şərəf və ləyaqətini alçaltdığımı düşündüyü söz isə “yarıtmaz fəaliyyət” ifadəsidir. Guya bu ifadə şərəf və ləyaqətə xələl gətirib. Başqa bir vaxtda da xəbər yazmışdım. Həmin xəbərin başlığı belə idi ki, “Turan” “Sumqayıt”a uduzdurulacaq?” Qarşı tərəf sual işarəsi ilə verilmiş başlığı da özünə təhqir sayaraq məhkəməyə müraciət edib”. 

Seçilən
2
4
qafqazinfo.az

5Mənbələr