AZ

Kiyevdən Avropa İttifaqına: “Bakıya verilən vəd yerinə yetirilmədi”

Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib.

Mayko müsahibədə Ukraynanın region ölkələri ilə əlaqələrində Gürcüstan və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirib:

“Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabrda Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıb. Bu saziş Xəzər - Qara dəniz nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”.

Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğulayıb:

“Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub.

Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmir yolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi iş aparırıq.

Bu, Prezident Vladimir Zelenskinin Qələbə Planının bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycan və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”.

Səfir humanitar yardımlara görə Bakı və Aşqabada təşəkkür edib.

Ukrayna rəsmisi Xəzər dənizinin dibi ilə Avropaya qaz nəqli layihəsi və buna mane olan amillərə diqqət çəkib:

“Azərbaycan və Türkmənistan bu layihənin reallaşmasında maraqlıdır. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü sırada qərar tutub. Türkmənistan qaz nəqlinin şaxələndirilməsini istəyir. 2006-cı ilə ilə qədər Türkmənistan qazının əsas alıcılarından biri Ukrayna idi. Bunun hesabına qaz alışını balanslaşdırmışdıq. Türkmənistan zəngin yataqlarından birindən Xəzər sahilinə qədər boru xətti tikib. Təəssüf ki, Avropa İttifaqına üzərinə düşəni etmədi, verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən Xəzər sahili ilə boru xəttinin tikintisi arxa plana keçib.

Yaşıl enerjidən çox danışılmasına baxmayaraq, Avropa ölkələrinin mavi yanacağa ehtiyacı var. Rusiya və İranın Transxəzər layihəsi əleyhinə apardıqları siyasəti də vurğulamaq lazımdır. Rusiya bu layihəyə qarşı “ekologiya amili”ndən istifadə edir. Guya Transxəzər Xəzərin ekologiyasına zərər vuracaq. Halbuki Rusiya Qara və Baltik dənizlərinin dibi ilə müxtəlif boru xətləri çəkib və bu zaman “ekoloji çirklənmə” Moskvanın yadına düşməyib.

Xəzərin ekologiyasına Rusiyanın gəmilərindən bu akvatoriyadan Ukrayna ərazisinə atdığı ballistik raketlər zərər vurur. Onların bir qismi elə Xəzər dənizinə düşüb. Bütün hallarda Transxəzər layihəsinin reallaşacağına inanıram. Ukraynanın gələcəkdə bu boru xətti ilə qaz alacağına əminəm”.

Mayko vəziyyətdən asılı olaraq qaz nəqli ilə bağlı Kiyevin Aşqabad və Bakı ilə təmasları genişləndirəcəyini söyləyib: “Biz Rusiyadan qaz almırıq. Buna görə Ukrayna digər dövlətlərdən həm qaz almaq, həm də bu qazı Avropaya nəql etmək istəyir. Bunun üçün Ukraynanın böyük infrastukturu var”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
22
teleqraf.com

1Mənbələr