Xeberman.com saytının təsisçisi, aclıq elan edən Polad Aslanov bazar ertəsi bir koloniyadan digərinə köçürülüb və karserə salınıb. Onun xanımının sözlərinə görə, bundan əvvəl ona tibbi blokda olduğunu bildiriblər. "Sərhədsiz reportyorlar" Aslanovun müalicə olunmasını və azadlığa buraxılmasını tələb edir. Bu barədə təşkilatın X platformasındakı məlumatda deyilir.
Öz növbəsində Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.
Gələn həftə Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun və həbsdə olan digər 13 azərbaycanlı jurnalistin azadlığa buraxılması üçün çağırışları davam etdirir, məlumatda deyilir.