AZ

270 şagirdin həyatına təhlükə yaranıb - Fotolar

270

Masallı rayonunun Boradigah qəsəbəsinin bir qrup sakini Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət edib. Müraciət Boradigah qəsəbə N. Gəncəvi adına 1 saylı tam orta məktəbin təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır.

Reyting.az
-ın məlumatına görə, sakinlər bildirirlər ki, 1974-cü ildə istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirib. Bugün onların sırasında müxtəlif sahələrdə çalışan xeyli sayda alimlər də var.



Sakinlər yazır ki, bu məktəbdə vətənə sevgiylə tərbiyə edilən xeyli gənc torpaqlarımızın mənfur düşmənlərdən azad edilməsində böyük şücaət göstəriblər. Şəhid Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə və xeyli sayda qazilərimiz bu məktəbin məzunları olublar.

Müraciətdə qeyd edilir ki, məktəb binası son illər qəzalı vəziyyətə düşüb və bundan dövlət qurumları da məlumatlıdır. 2022-ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini (akt zalı, idman zalı və bufet hissəsini) söksə də, ertəsi gün isə söküntünü dayandırıblar. İdarə rəsmiləri deyiblər ki, məktəbi H. Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan heç bir təmir işi aparılmayıb. Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var.

Sakinlər bildirir ki, 2023-cü ildə Bakı Şəhərsalma İdarəsinin əməkdaşları məktəbə baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin heç bir təmir işi görməyiblər.



Şagirdlər məktəbdə normal idman dərslərini keçə bilmirlər, akt zalının olmamasından tədbirlər dəhlizdə keçirilir.

Şagirdlər bufet xidmətindən istifadə edə bilmirlər. İstilik sistemi dağıldığından sinif otaqları odun peçi ilə qızdırılır. 270 şagirdi, 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez-tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox pis təsir göstərir.

Qəsəbə sakinləri müraciət ünvanladıqları şəxslərdən xahiş edirlər ki, məktəbin əsaslı təmirinə təcili köməklik göstərsinlər.








V. QULİYEV
Seçilən
4
1
reyting.az

4Mənbələr