Bu fikirləri siyasi şərhçi Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:
"2016-2020-ci il Donald Trampın dövrü özündə bir qədər müsbət çalarlar ehtiva edir. Hətta Cənubi Qafqaz məsələlərində Tramp şəxsən çox praqmatik bir mövqe tutdu. Lakin başqa bölgələrdəki proseslərə müdaxilələri gərginlik gətirdi. Yaxın Şərqi nümunə gətirsək, bunun təsdiqini taparıq. Donald Trampın müharibəni dayandırmaq, münaqişələrin qarşısını almaq vədləri gerçəkləşərsə, dünya birliyi rahat nəfəs almağa başlayar. Çünki gərginlik dərəcəsi nəinki yüksəkdir, hətta günü-gündən artır. Digər tərəfdən dünyada silahların həm istehsalı, həm də yayılması heç də yaxşı şeylər vəd etmir. Bizim bölgədə Fransa məhz ABŞ-nin dəstəyi ilə silah-sursatı Ermənistana ötürür. Əlbəttə, bu proseslər insanları rahat buraxmır. Çünki yalnız və yalnız yeni eskalasiya, yeni qarşıdurmalar üçün şərait formalaşdırır. Gözləntilər ondan ibarətdir ki, ABŞ qarşıdan gələn 4 il ərzində Trampın vasitəsilə bir qədər rasional gedişlər gündəmə gətirsin və göstərsin ki, o həqiqətən də müharibələrin, böyük fəlakətlərin əleyhdarıdır. Baydenin administrasiyasının iştirakı ilə biz dəfələrlə Azərbaycanla bağlı qeyri-sağlam yanaşmanın şahidi olduq. Hətta Fransanın burada canfəşanlıq etməsi Vaşinqton tərəfindən qaynaqlanırdı. Silah-sursatı bizim bölgəyə gətirməklə tək məqsədləri erməni revanşizminə dəstək verməkdir. Tramp bu kontekstdə daha sağlam mövqe sərgiləyəcək. İsrail rəhbərliyi çox məsuliyyətsiz bir kurs həyata keçirir. Dörd tərəfin hamısına atəş açmaqla özünü təkliyə məhkum edir. Sirr deyil ki, Netanyahunun yanaşması həm də bölgəyə böyük fəlakət vəd edir. O, Trampın dəstəyinə möhtac olduğunu gizlətmirdi. Bu zəmində isə elə ən böyük risklər İsrailin özünə qarşı tuşlanır. Ötən dörd ildən fərqli olaraq Tramp bu dəfə İsrail-Fələstin, İsrail-islam dünyası kontekstində daha praqmatik, daha sağlam bir tərzdə hərəkət etməli olacaq. Buna ümidlər böyükdür, çünki "dünyada ən böyük fəlakəti gündəmə gətirə biləcək münaqişəli vəziyyət məhz Yaxın Şərq böhranıdır"-, təsadüfən deyilmir. İmkan vermək olmaz ki, o öz miqyasını böyütsün, bütün dünyanı böyük bir dilemma qarşısında qoysun".
Zeynəb Rzayeva