AZ

Baş icraçı direktor COP-29-a hazırlıqlarla bağlı son vəziyyəti açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hazırlıqla bağlı işlər əsasən 4 istiqamətdə aparılır".
Bunu energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov APA-ya açıqlamasında deyib.
O deyib ki, birinci istiqamət "Danışıqlar prosesi və fəaliyyət gündəliyi"dir:
"İkinci istiqamət Azərbaycanın liderlik etdiyi mövzuda nümunə olmasıdır. Üçüncü - bütün bu mövzuların həm daxili, həm xarici auditoriyaya kommunikasiya edilməsidir. Dördüncü istiqamət isə logistikadır. Bu məsələlər bir-birinə bağlıdır, hər biri əhəmiyyətlidir və paralel olaraq həyata keçirilir".
Elnur Soltanov, həmçinin bildirib ki, bütün COP-ların əsas hədəfi danışıqlar prosesindən nəticələr almaqdır:
"COP - tərəflər konfransının məğzi bundan ibarətdir. Hər üç iqlim müqavilələrinin - istər 1992-ci il İqlim Çərçivə Konvensiyası, Kioto protokolu və ya Paris sazişi olsun - icrası ilə bağlı ortaya çıxan məsələlərdə COP-lar ali qərarvermə orqanıdır. Bu prosesdə Azərbaycanın funksiyası tərəflərə şəffaf, inklüziv və neytral şərait yaratmaqdır. Danışıqlar prosesinin mərkəzində isə iqlim maliyyəsi məsələsi dayanır. Paris sazişinin "Altıncı maddə"si haqqında qərar veriləcək digər mühüm mövzudur.
Qeyd etdiyimiz birinci istiqamətin ikinci hissəsi, "COP prezidentliyinin fəaliyyət gündəliyi"dir. Bizim burda 14+2+2 təşəbbüsümüz var. Bunlar maliyyə, yaşıl enerji, tullantı sektoru, su, özəl sektorun cəlbi, maarifləndirmə də daxil olmaqla, demək olar ki, iqlimlə əlaqədar bütün əhəmiyyətli mövzularda Azərbaycanın öz təşəbbüslərini ehtiva edir. Çünki birinci hissə - danışıqlar mövzuları, Birləşmiş Millətlərin İqlim Dəyişmələri Katibliyi tərəfindən ev sahibi ölkəyə həvalə edilir, bizim təşəbbüslərimiz deyil. "Fəaliyyət gündəliyi"ni isə Azərbaycan müəyyənləşdirir.
Bu təşəbbüslərlə Azərbaycanın iqlim həlləri sahəsində irsinin təmin olunmasına çalışırıq. Bunun təmin olunmasının da ən effektiv yolu dünyadakı iqlim probleminin həllinə töhfə verməkdir.
Eyni zamanda, bu 14+2+2 təşəbbüsün müəyyənləşdirilməsi danışıqlar prosesinə təkan vermək məqsədi ilə ortaya qoyulub.
"Örnək ölkə" mövzusu: başqalarına liderlik edəcək ölçüdə nümunəvi davranış sərgiləyirsinizmi? - sualına cavabdır. Azərbaycanın bu sahədə bütün dünyaya örnək göstərə biləcəyimiz, dünyanı bizim yolumuzdan getməyə səsləyəcək məqamlar var. Mingəçevirdəki Su Elektrik Stansiyasının yenidən qurulması ilə ölkəmizin ən böyük stansiyasının səmərəliliyinin 30 faiz artırılması, yaxın bir neçə il ərzində bərpaolunan enerji stansiyalarının tikilməsi, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası, Avropa və Orta Asiya istiqamətlərində yaşıl koridorlar bunlardan bəziləridir. Bu layihələrin böyük əksəriyyətinin COP29 sədrliyindən öncə başlanılmış olması bu sahədəki addımlarımızın etibarlılığını artırır.
Üçüncü mövzu olan kommunikasiya həm daxili, həm də xarici mühitə yönləndirilir. Azərbaycan xalqının, mütəxəssislərimizin, gənclərimizin, dövlət və özəl sektor nümayəndələrinin, xanımlarımızın bu prosesdə yer alması, püxtələşməsi, nəticədə ən böyük qazanclarımızdan, məqsədlərimizdən biri olacaq.
Amma eyni zamanda beynəlxalq mühitlə kommunikasiya bütün bu görülən işləri strateji hədəfə doğru yönləndirmək məqsədi daşıyır.
Dördüncü logistika məsələsinə gəlincə; belə düşünürəm ki, yuxarıda sadaladığım üç istiqamət üçün bir il bəlkə də, kifayətdir. Amma logistikanı bir ildən az müddət ərzində həyata keçirmək çox çətin işdir. Amma Azərbaycan bu sahədə mükəmməl performans sərgiləyir. Bütün bu dörd istiqamət üzrə Azərbaycan indiyə qədər nəzərdə tutulan hədəflərinə çatıb və biz əminik ki, COP 29 prosesinin son mərhələsi olan 11-22 noyabr konfransında bütün bu hazırlıqların bəhrəsini görəcəyik".
Seçilən
49
50
oxu.az

10Mənbələr