AZ

“ABŞ-dəki seçkilərin birbaşa olaraq ölkəmizə təsiri yoxdur” —Azərbaycan iqtisadiyyatını nə gözləyir?

 Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də bitkoinin qiymətində artımlar qeydə alınıb. ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. Bitkoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib. Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov sosial media hesabında qeyd edib. 

O bildirib ki, ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib:

“Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faiz dəyər qazanmışdı.
Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlarla əlaqədərdir.

ABŞ-dakı son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə ölkəmizin əsas ticarət tərəfdaşı AB olduğundan, bu, tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha da möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər”.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, ABŞ-də Donald Trampın prezident seçilməsi ilə birjalarda baş verən artımlar müvəqqəti xarakter daşıyır.

Ekspert Demokrat.az-a bunun səbəblərini açıqlayarkən deyib ki, əvvəla, yeni seçilmiş prezident hələ fəaliyyətə başlamayıb:

“İkincisi də, dünya iqtisadiyyatında proseslər siyasi hadisələrə bağlıdır. Son 4 il dünya iqtisadiyyatında demək olar ən çətin dövr olmuşdur. ABŞ-da Respublikaçıların yenidən hakimiyyətə gəlişi ilə əlaqədar ümid var ki, bir sıra geosiyasi münaqişələrdə mövcud alovlar sönəcək, xüsusən də Rusiya-Ukrayna müharibəsində nəhayət ki, getdikcə gərginləşmənin qarşısı alınacaq. Dünya enerji bazarında müəyyən bir sakitlik təşəkkül tapacaq. Odur ki, ilkin müsbət işartılar qeydə alınmağa başlanmışdır. Ancaq hər şey, əslində, qarşıdakı il ərzində özünü göstərməyə başlayacaq”. 

Azərbaycana gəlincə, P.Heydərov bildirib ki, ABŞ-dakı seçkilərin birbaşa olaraq ölkəmizə təsiri yoxdur. Belə ki bizim üçün zəruri olan cəhət beynəlxalq bazarlarda sakitliyin yaranmasıdır:

“Xüsusən də, enerji resursları bazarlarında volatillilik vəziyyətin aradan qalxmasıdır. Bunu isə proqnozlaşdırmaq çətindir. Bununla belə ölkəmiz üçün ABŞ-da Respublikaçııların hakimiyyətdə olması həmişə daha az mənfi təsirli olub. Ona görə də Trampın seçilməsi bizə daha sərfəli sayılırdı. ABŞ və Avropa Birliyi, ABŞ və Çin iqtisadi münasibətləri dünyanın iqtisadi vəziyyəti üçün qarşıdakı 4 il ərzində çox məqamları müəyyən edəcək. Və bizim qazancımız da, itkilərimiz də məhz bunun əsasında təşəkkül tapacaq”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
17
11
demokrat.az

10Mənbələr