AZ

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi: Bakı COP-29-da dünyanı qarşılamağa hazırdır - MÜSAHİBƏ

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın APA-ya müsahibəsi

- İlk növbədə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı ilə bağlı fikirlərinizlə tanış olmaq istərdik. Bu günədək görülmüş işləri də nəzərə aldıqda, ölkəmizin belə bir nüfuzlu tədbirə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Söhbətimizə bir məsələni etiraf etməklə başlamaq istərdim. Belə ki, sözü gedən konfransa ev sahibliyi etməni qəbul etmiş hökumətlərdən fərqli olaraq Yeni Prezidentliyin iqlim dəyişikliyi üzrə qərarların veriləcəyi COP29-a hazırlaşmaq üçün bir ildən az, bu möhtəşəm çoxtərəfli tədbiri qəbul etmək üçün isə son dərəcə qısa bir zamanı vardı.

Biz onu da yadda saxlamalıyıq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı yalnız hadisə deyil, həm də davamlı bir prosesdir. İqlim mövzusunda təşkil olunan hər bir sammit özündən sonrakılar üçün təməl daşı rolunu oynayır. Bu tədbirlərin keçirilməsində əsas məqsəd qlobal miqyasda temperaturun artım səviyyəsini +1,5C səviyyəsində məhdudlaşdırmaq, tullantıların həcmini sıfıra endirmək, habelə cəmiyyətin həssas qruplarını bu proseslərə uyğunlaşdırmaqdan ibarətdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirak edəcək bütün tərəflər danışıqlar masası arxasına bu sahədə perspektiv həll variantları və öz üzərlərinə qlobal istiləşmə səviyyəsinin +1,5 dərəcə həddində saxlanılması üzrə iddialı öhdəliklər götürməyə hazır olmaq niyyətini bəyan edərək əyləşməlidir. Hesab edirəm ki, COP29-da uğur qazanılması təkcə onu qəbul edən ölkənin deyil, həm də bu tədbirin işində iştirak edəcək tərəflərin də cavabdehliyi daxilindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq onu deyə bilərəm ki, COP29 Prezidentliyi bu tədbirə həm ümumilikdə, həm də ayrı-ayrı parametrlər üzrə bu tədbirə hazırlıq prosesində mühüm irəliləyişlər əldə edib. Ambisiyaların genişləndirilməsi və tərəflərə konfrans çərçivəsində fəaliyyət üçün imkanların yaradılması, bununla yanaşı, inkişaf etməkdə olan ölkələrə Şəffaflıq üzrə İkiillik Hesabatların hazırlanması və təqdim olunmasına, eləcə də tərəflər arasında Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin bütün sahələri üzrə təcrübə mübadiləsinə dəstək, tələb olunan sahələrdə potensialın genişləndirilməsi üçün müvafiq resursların daha yaxşı səfərbər olunması məqsədilə COP29 Prezidentliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasını təqdim edib. Azərbaycan üzərinə ikiillik şəffaflıq hesabatının hazırlanması üzrə digər tərəflərə nümunə olmaq öhdəliyini götürüb və hazırda Milli Səviyyədə müəyyən olunmuş öhdəliklərin (NDC 3.0) yeni nəslinin hazırlanması prosesini COP29-a qədər başa çatdırmaq üzrədir.

COP29 Prezidentliyi həmin konfransadək keçirilən bütün önəmli tədbirlərdə aktiv şəkildə iştirak edir. Bir qədər əvvəl COP29 Prezidentliyi bu tədbir və prioritet sahələr, eləcə də iqlim maliyyəsi və COP29-da uğurlu nəticələrin əldə olunması ətrafında müzakirələrin aparılması üçün BMT-nin Biomüxtəliflik üzrə Konvensiyası Tərəflərinin 16-cı Konfransı (CBD COP16), BMT-nin Baş Assambleyasının iclası, Nyu-York İqlim Həftəsi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik Sessiyası, bütün bunlarla yanaşı həm də inkişaf bankları və ayrı-ayrı ölkələrin rəsmiləri arasında görüşlər keçirilib.

Oktyabrın əvvəlində COP29 Prezidentliyi iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, tərəflər arasında danışıqların mətninin layihəsinin razılaşdırılması üçün Yüksək Səviyyəli Nazirlər Dialoqu və İqlim Sammitinə hazırlıq, habelə tərəflər arasında vacib məsələlər üzrə fikir ayrılıqlarının COP29-a qədər aradan qaldırılmasında irəliləyişə nail olmaq məqsədilə COP öncəsi tədbirini təşkil edib.

COP29 Prezidentliyi həmçinin fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəfdaşların fəal iştirakını təşviq etmək, iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək və COP29-un iqlim maliyyəsi, bərpa olunan enerji mənbələri, insan kapitalı, kənd təsərrüfatı, su, o cümlədən şəhər dayanıqlığının təmin olunmasına dəstək məqsədilə 14 əsas strateji təşəbbüs elan edib.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi olaraq, biz ilk gündən COP29 Prezidentliyinə koordinasiyalı şəkildə dəstək göstərməyə davam edirik. Bu kontekstdə mən BMT Baş katibinin İqlim üzrə xüsusi müşaviri Selvin Hart ilə birlikdə COP29 üzrə Qlobal Hədəf Qrupunun həmsədriyəm. Bu qrup BMT nəzdində fəaliyyət göstərən və COP29 Prezidentliyinin 14 təşəbbüsündən 12-nə texniki dəstək verən 25 qurumu birləşdirir.

Tədbirə hazırlıqlara maddi-texniki təminat üzrə operativ dəstəyə gəlincə, hazırda obyektlərdə dayanıqlılıq, əlçatanlıq və inklüzivlik prinsipləri nəzərə alınmaqla aparılan hazırlıq-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bura həm iştirakçıların qeydiyyatı, elektron vizaların verilməsi, kütləvi informasiya vasitələrinin xidmətləri, həm də daşınmaların təşkili ilə bağlı məsələlər daxildir. COP İqlim Sammitinin tarixində ilk dəfə olaraq, Əməliyyat Şirkəti həm texniki, həm də iştirakla bağlı məsələlərə dəstək verilməsi məqsədilə xüsusi mərkəz yaradıb. Şirkət həmçinin maraqlı tərəflərin keçiriləcək tədbirlər, habelə Konfransa ev sahibliyi edən ölkə ilə bağlı yenilənmiş məlumatları əldə etməsi məqsədilə mütəmadi brifinqlər keçirib. Eyni zamanda, konfransa ev sahibliyi edən ölkə ilə imzalanmış müqavilə və Anlaşma Memorandumu Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası arasında imzalanıb. Bakı dünyanı qarşılamağa hazırdır.

- Siz Azərbaycanda BMT kimi nüfuzlu bir təşkilatı təmsil edirsiniz. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasından gözləntiləriniz nədən ibarətdir?

- İcazə verin, əvvəlcə ondan başlayım ki, COP29 BMT-nin Rio-de-Janeyroda cəmi 6 həftə fərqlə təşkil olunan üç əsas Sammitlərindən biri olmaqla, həm də onlar arasında əlaqənin mövcudluğunu göstərir. Biomüxtəliflik və səhralaşma probleminin müzakirə olunduğu COP16 ilə birlikdə COP29 da onu göstərir ki, sağlam təbii mühit və ya torpaqlar formalaşmadan sabit iqlim barədə danışmaq mümkün deyil.

COP29 iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün əsas imkana çevriləcək. Qlobal səviyyədə temperaturun rekord həddə çatdığını, İspaniyadakı daşqınlardan ABŞ-dəki fırtınalara, habelə Hindistanda rekord səviyyədə istilərdən Braziliya və Cənubi Afrikadakı quraqlıqlaradək bütün ekstremal iqlim hadisələrinin dünyada yaşayan insanlara təsir etdiyini nəzərə alaraq demək olar ki, COP29 dövrümüzün əsas problemi ilə mübarizədə konkret qərarların verilməsi məqsədilə istər dövlət və hökumət başçılarını, istərsə də biznes və vətəndaş cəmiyyəti sahəsində fəal şəxsləri bir yerə toplayacaq.

Ölkələri təmsil edən nümayəndə heyətlərinin COP29-un gündəliyinə daxil olan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ayrılacaq maliyyənin həcminin artırılması yolları, habelə iqlim dəyişikliyi ilə əlaqəli aktual problemlərdən çıxış yolunu tapmaq, o cümlədən iqlim dəyişikliyinə adaptasiya, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, habelə İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin davam etdirilməsi və danışıqların digər müddəaları üzrə irəliləyiş əldə etməsi üçün iki həftə vaxtı olacaq.

Əslində bu konfrans həm iqlim dəyişikliyi ilə mübarizədə milli fəaliyyət planı kimi müəyyən edilmiş və Braziliyada keçiriləcək COP30 tədbirinədək, yəni 2025-ci ilin əvvəlində təqdim olunacaq töhfələrin (NDC 3.0) müzakirəsi üçün platforma rolunu oynayacaq.

Əgər hər şey düzgün şəkildə həyata keçirilərsə, bu cür planlar 1,5 dərəcəlik hədəfə çatmağa, qlobal istiləşməni məhdudlaşdırmağa və investisiya planlarının təşviqindən asılı olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edəcək.

Bununla belə 2024-cü ildə Tullantıların həcmi haqqında hesabat onu göstərir ki, il ərzində atmosferə buraxılan istixana qazı tullantılarının həcmi rekord səviyyədə qərarlaşıb. Buna görə də temperaturun fəlakətli sıçrayışının qarşısını almaq və ümumi göstəricini 1,5 dərəcə səviyyəsində saxlamaq üçün dərhal hərəkətə keçmək tələb olunur.

Nəzəri cəhətdən bu o deməkdir ki, ölkələr milli səviyyədə müəyyən olunmuş öhdəliklər üzrə atmosferə buraxılan istixana qazlarının illik həcmini 2030-cu ilədək 42, NDC-nin növbəti mərhələsində, yəni 2035-ci ilə qədər isə 57 faizə qədər azaldılması üzrə öhdəlik götürməlidirlər.

Şəffaflıq milli səviyyədə müəyyən olunmuş öhdəliklərin icrası zamanı heç də az əhəmiyyət daşımır. Buna görə də ölkələrin şəffaflıq üzrə iki illik hesabatlarını təqdim etməsi son dərəcə vacibdir. Bu hesabatlar 1,5° C öhdəliyinin yerinə yetirilməsi üzrə milli səviyyədə müəyyən edilmiş töhfələrin icrasında əldə olunan və razılaşdırılmış kollektiv irəliləyişin monitorinqi, nümayişi, eləcə də tullantıların ümumi həcmini və bütün sahələri əhatə etməlidir.

Əgər biz geniş həcmli resursları sürətli bir şəkildə dünyanın ən həssas icmalarına istiqamətləndirməsək, bu zaman Paris İqlim Razılaşmasının məqsədlərinə çatmaq mümkün olmayacaq.

Biz iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan maliyyənin həcmini artırmalı, eləcə də planeti və ən yoxsul ölkələri fəaliyyətimizin diqqət mərkəzində saxlamalıyıq. Ümid isə hər zaman var.

- Bildiyiniz kimi, COP29-un keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu müəyyən edilib. Həmin ərazi ilə tanış olmusunuzmu? İlkin təəssüratlarınız necədir?

- Mən ötən həftə diplomatik korpusun nümayəndələrinin səfəri zamanı orada olmuşam, bu həftə isə yenidən həmin məkanı ziyarət etmişəm. Sadəcə bir həftə ərzində stadionda həyata keçirilən dəyişikliklərdən çox heyrətləndim. Bu məkan dünya ölkələrindən gələcək qonaqları qəbul etməyə hazırdır.

Eyni zamanda mənim hərəkət imkanları məhdud olan şəxslər üçün ayrılmış, eləcə də əlçatanlığın təmin olunması məqsədilə nəzərdə tutulan sorğu məntəqələrinin fəaliyyətini, bununla yanaşı, konfransın əlçatanlığı və inklüzivliyini təmin edən Brayl əlifbasından istifadəni də qiymətləndirmək imkanım olub.

- COP29-un əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni maliyyələşmə mexanizminin müəyyənləşdirilməsi və bunun üçün tələb olunan vəsaitin təmin edilməsidir. Necə düşünürsünüz, konfransda iştirak edəcək tərəflər yuxarıda qeyd edildiyi kimi, yeni maliyyələşmə məqsədlərinə nail ola biləcəkmi?

-COP29 iqlim maliyyəsinin təmin olunması üzrə konkret və iddialı nəticələrin əldə edilməsi, xüsusilə də “100 milyard dollarlıq” Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) nail olunmasında əlverişli iqlim sammiti olmalıdır.

Ölkələrə istixana qazlarının həcminin azaldılması, eləcə də insan həyatının və həyati əhəmiyyət daşıyan vasitələrin iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunması üçün milyardlarla deyil, trilyonlarla dollar vəsait lazımdır.

Bizə etimad və inamı möhkəmləndirən, ayrılması vacib olan trilyonlarla dollar vəsaiti təmin edən və beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasına impuls verən nəticələrə ehtiyacımız var.

İnkişaf etməkdə olan ölkələr əmin olmalıdır ki, ayrılacaq vəsait onların iqlim dəyişmələri ilə bağlı ambisiyalarının reallaşması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə səylərin artırılması, eləcə də itki və zərərlərə uyğunlaşdırılması üçün yetərli olacaq.

Buna görə də inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin iqlim və inkişaf sahələrindəki səylərinin dəstəklənməsi üçün tələb olunan maliyyə vəsaitinə və texnologiyalara bərabərhüquqlu çıxışının təmin olunması üçün istər daxili, istərsə də beynəlxalq maliyyə arxitekturasında islahatların aparılması vacibdir.

Böyük həcmli borc, yüksək faiz dərəcələri, fiskal mühitin məhdudlaşdırılması və geosiyasi qeyri-müəyyənlik şəraitində həmçinin qrantlar və güzəştli maliyyə vəsaitinin ayrılması da daxil olmaqla, investisiya mənbələrinin və növlərinin artırılması da son dərəcə vacibdir.

Daim nikbinliyini qoruyan bir insan kimi, mən inanıram ki, COP29 iqlim maliyyəsi sahəsində müsbət nəticələrlə yekunlaşacaq. BMT Baş katibinin bir qədər əvvəl söylədiyi kimi: “Biz odla oynayırıq...Lakin artıq vaxtımızı oyunlara sərf edə bilmərik”.

Biz hərəkətə keçməli və maliyyələşmə fəaliyyətinə dəstək verməliyik.

- BMT-nin COP29-da təmsil olunacaq nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi gözlənilir?

- COP29 iqlim dəyişikliyi üzrə BMT tərəfindən təşkil olunan nəhəng çoxtərəfli bir prosesdir. Bu mürəkkəb və yüksək texnologiyalara əsaslanan prosesi icraçı katib Saymon Stil başda olmaqla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının Katibliyi idarə edəcək.

BMT isə burada ən yüksək səviyyədə, Baş katib, cənab Antoniu Qutterreş səviyyəsində təmsil olunacaq. O COP29 çərçivəsində keçiriləcək dünya liderlərinin iqlim dəyişmələri üzrə samitində və digər yüksək səviyyəli görüşlərdə iştirak edəcək. COP29 çərçivəsində siyasi səviyyədə əməkdaşlıq Baş Katibin İcraçı Ofisi və Onun iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri cənab Selvin Hart tərəfindən koordinasiya ediləcək.

Eyni zamanda COP29-da BMT-nin Ətraf Mühit Proqramı, İnkişaf Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF, BMT-nin Qadınlar Təşkilatı, Ümumdünya Ərzaq Təşkilatı, habelə Qaçqınlar üzrə Ali Komissarlığı və digər qurumları, o cümlədən dünyanın müxtəlif regionlarından olan rezident-əlaqələndiricilər də təmsil olunacaq.

Seçilən
23
13
apa.az

10Mənbələr