AZ

İrəvanın daha bir GİZLİ MƏQSƏDİ – Bakının mövqeyi belə olacaq

Ermənistan rəsmiləri silsilə açıqlamalarında Bakı və İrəvan arasındakı danışıqların ikitərəfli formatda davam etməsinin tərəfdarı olduğunu bildirirlər. Son dəfə iqtisadiyyat naziri Gevorq Papoyan kommunikasiyaların açılması məsələsində Rusiyanın vasitəçiliyi olmadan ikitərəfli formatda müzakirələrin daha uğurlu olacağını deyib. Onun fikrincə, ikitərəfli danışıqlar uğur qazanıb və bu formatda işləri davam etdirmək məqsədəuyğundur. 

Erməni nazir sərhədlərin delimitasiyası üzrə komissiya rəhbərlərinin, iki ölkə liderlərinin, xarici işlər nazirlərinin son dövrlərdə baş tutmuş ikitərəfli görüşlərini xatırladaraq, ikitərəfli formatın səmərəli olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, Ermənistan tərəfi hələ ki bu məsələlərdə qeyri-konstruktiv mövqe ortaya qoyur:

“Əvvəla onu qeyd etmək istərdim ki, Ermənistan rəsmiləri kommunikasiyaların açılması barədə çox danışsa da, hətta “Sülh kəsişməsi” kimi layihə irəli sürsə də, təəssüf ki, bu istiqamətdə real addımlar atmır. Mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə, Ermənistan üzərinə düşən öhdəliklərə uyğun olaraq, kommunikasiyaları açmalıdır. Yəni Azərbaycana dəhliz verməlidir. Bu da üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb. Ancaq İrəvan gələ də bu öhdəliyini yerinə yetirmir”.

Mətin Məmmədli qeyd edib ki, sülh müqaviləsi, kommunikasiyalar və delimitasiya mövzularında Bakının mövqeyi tam aydındır:

“Danışıqlar prosesində Rusiyanı uzaqlaşdırmaqla Ermənistanın prosesi öz maraqlarına uyğun inkişaf etdirməyə çalışır. Azərbaycan olaraq, bu məsələdə də mövqeyimiz tam fərqlidir. Bizcə, kommunikasiyalar açılacaqsa, ona üçüncü tərəflər təhlükəsizlik təminatı verməlidirlər.

Sülh müqaviləsi ilə bağlı isə Bakının mövqeyi ikitərəfli formatda danışıqların aparılması istiqamətindədir. Azərbaycan düşünür ki, bu formada sülhə daha tez yaxınlaşmaq olar. Son 1 ildə iki ölkə arasındakı normallaşma prosesində baş verən pozitiv dinamika da mövqeyimizi bir daha təsdiq edir. İstər sərhədlərin delimitasiyası, istərsə də sülh müqaviləsi ilə bağlı razılıqlar məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Düşünürəm ki, Ermənistan hökuməti nəhayət kommunikasiyaların açılması məsələsində konstruktiv mövqe nümayiş etdirməlidir”.

Seçilən
37
medianews.az

1Mənbələr