“20 Yanvar” metrosunun “Şamaxinka” istiqamətindəki çıxışında Xırdalana sərnişin daşıyan taksilər fəaliyyət göstərir. Adi günlərdə 2 manata, yağışlı havalarda isə sərnişinin bir nəfərini 5 manata ünvana çatdırırlar. Cəmiyyətdə belə fikirlər səslənir ki, onlar qanunsuz taksi fəaliyyəti ilə məşğuldur və bunun üçün kiməsə aylıq pul verirlər.
Bəs həmin taksilərin fəaliyyəti qanunidir? Sürücülər taksi fəaliyyəti ilə bağlı tələb olunan sənədləri əldə ediblərmi?
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün hüquqi və fiziki şəxslər AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar:
“İcazələrin verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər”.