AZ

Flik Levandovskini əvəzləməsinə niyə peşman olub?

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının “Srvena Zvezda” ilə oyununda Robert Levandovskini əvəzləməsindən danışıb.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində Serbiyada baş tutan bu oyunda “Barselona” “Srvena Zvezda”ya 5:2 hesabıyla qalib gəlib.

“Blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovski bu oyunda dubla imza atıb. O, 78-ci dəqiqədə hücumçu Pau Viktor ilə əvəzlənib.

Hansi Flik matçdan sonra baş tutan mətbuat konfransında bu məqama belə münasibət bildirib:

“Onun Çempionlar Liqasında 99 qolu var, mənim bundan xəbərim yox idi. Bilsəydim… Bu, mənim təqsirimdir”, deyə alman mütəxəssis polyak hücumçunu Çempionlar Liqasında 100-cü qolu vurması ehtimalından məhrum etdiyinə təəssüfünü ifadə edib.

Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 16 oyuna çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 111 oyun, 78 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
46
arena.az

1Mənbələr