AZ

Xorxe Valdano “Real”dakı böhrana görə məsul şəxsin adını çəkdi

“Real”ın əfsanəsi, keçmiş hücumçu Xorxe Valdano “Barselona” (0:4) və “Milan”a (1:3) son məğlubiyyətlərə görə kimin məsul olduğunu açıqlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu işdə əsas məsuliyyət baş məşqçinin üzərinə düşür. Nə vaxt nizamsızlıq varsa, məşqçi məsuliyyət daşıyır. Heyətin təsisinə görə məsuliyyət var. Bu heyətdə kifayət qədər tarazlıq yoxdur”, deyə Valdano bildirib.

Xorxe Valdano həmçinin vurğulayıb ki, “Real”da bu xoşagəlməz vəziyyətin yaranmasının səbəblərindən biri, “qaymaqlılar”ın alman yarımmüdafiəçisi Toni Kroosun gedişidir. Alman futbolçu ötən yay futbolçu karyerasına xitam verib.

Daha əvvəl isə “Real”ın xorvat veteran yarımmüdafiəçisi Luka Modriç komandada baş verənləri böhran hesab etmədiyini bildirib. Modriç klubda oynadığı 12 il ərzində bir neçə dəfə oxşar hallarla qarşılaşdığını vurğulayıb. Veteran futbolçu azarkeşləri əmin edib ki, “Real” çox tezliklə əvvəlki səviyyəsinə qayıdacaq:

“Əminəm ki, biz yaxşılaşacağıq, amma bu, vaxt alacaq. Cəmi altı xalımız var və bizi çətin oyunlar gözləyir. Biz birlikdə qalmalı və alınmayanı düzəltməyə çalışmalıyıq. Bu böhran deyil, o sözü bəyənmirəm”, deyə Modriç bildirib.

Əlavə edək ki, bir çox mütəxəssislər “Real”dakı tarazlığın pozulmasını həmçinin “qaymaqlılar”ın heyətində mütəmadi zədə səbəbləri ilə əlaqələndirirlər. Həmçinin “Real”ın yeni transferi, fransalı ulduz hücumçu Kilian Mbappenin də komandada tarazlığı pozduğu qənaətində olan təhlilçilər var. Fransalı hücumçu isə italyan baş məşqçisi Karlo Ançelottinin taktiki sxemlərində mərkəz hücumçusu kimi çıxış etməsini bəyənmir. Mbappenin, hücum cinahlarında istifadə ediləcəyi təqdirdə daha çox fayda gətirəcəyinə və daha çox qol vuracağına əmin olduğu vurğulanır.

Yeri gəlmişkən, “Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın vəziyyətini yaxşıya doğru dəyişməsə, istefaya göndərilə bilər. Madrid təmsilçisi “Santyaqo Bernabeu”da keçirdiyi ardıcıl iki oyunda əsas rəqiblərinə – “Barselona” (0:4) və “Milan”a (1:3) gözlənilmədən məğlub olub. “Real” rəhbərliyinin planlarında mövsümün ortasında Ançelottinin qovulması nəzərdə tutulmasa da, bu bərbad nəticələr klub rəhbərliyini qane etmir. Madrid klubuna yaxın mənbələr vurğulayırlar ki, “qaymaqlılar” qarşıdakı oyunlarda uğursuzluq yaşasalar, italyan mütəxəssisin “Real”ın sükanı arxasından qovulacağı istisna edilmir.

Seçilən
17
45
arena.az

10Mənbələr