AZ

Koul Palmerin “Arsenal”la oyunda iştirakı sual altındadır

“Çelsi”nin baş məşqçisi Entso Mareska ingilis yarımmüdafiəçi Koul Palmerin qarşıdakı “Arsenal”la oyunda iştirak edə biləcəyinə əmin deyil.

Arena.az xəbər verir ki, “zadəganlar”ı qarşıda İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Arsenal”la London derbisi gözləyir.

Oyun noyabrın 10-da “Çelsi”nin meydanında baş tutacaq. Bu oyundan öncə heyətdəki itkilərdən söz açan Entso Mareska yüngül zədəsi olan Koul Palmerin durumundan da danışıb:

“Koul Palmer çərşənbə axşamı məşq etməyib. Onun qarşıdakı günlərdə bizimlə məşq edə bilib-bilməyəcəyini görəcəyik. Ümidvaram ki, o “Arsenal”a qarşı oyun üçün hazır olacaq, amma biz gözləməliyik. Son durumu görüb qərar verməliyik”, deyə italyan mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 57 oyun keçirib. O, bu oyunlarda 32 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr