Beynəlxalq təşkilatlar çərçivəsində istədiklərini əldə edə bilməyən həmin qüvvələr daha da cılızlaşaraq, indi də özünü ekofəal adlandıran 21 yaşlı Qreta Tunberqə möhtac olublar
Noyabrın 11-25-də Bakıda keçiriləcək COP29 anti-Azərbaycan qüvvələrə fürsət verib. Bu dəfə daha bir “ekoloq” gözlənilmədən ortaya atılıb. Söhbət 21 yaşlı isveçli ekofəal Qreta Tunberqdən gedir. Gürcüstanda seçkilərdən sonra nədənsə müxalifətə dəstək vermək üçün Tiflisə gələn Qreta yenə də Azərbaycana dil uzadıb.
“Turan”ın xəbərinə görə, “Blankspot” nəşrinə müsahibə verən ekofəal bu dəfə də özünü “siyasətçi” kimi sınamaq istəyib, yaşından və başından böyük danışıb. Azərbaycanın quru sərhədlərinin niyə bağlı qalması haqda rəsmi Bakının mövqeyini “unudan” Tunberq “hava limanı olmadan başqa yolla ölkəyə giriş-çıxış edə bilmir, hətta oraya getməli olsaydım belə, bunu etməzdim” deyib. Qreta Tunberq Tiflisdən sonra nədənsə Ermənistana da getmək eşqinə düşüb.
COP29-la bağlı da ağlına gələni danışan gənc qızcığaz deyib ki, “iqlim sammitindən heç bir gözləntisi yoxdur”. Qreta onun səfərini və görünür, Ermənistana da müəyyən niyyətlə aparan dairələr ekologiyadan deyil, anti-Azərbaycan mövqeyini bəyan etməsini istəyiblər. “Hər gün adamların repressiyalar və hüquq pozuntuları ilə üzləşdiyi ölkələrdə iqlim haqqında danışa bilmərik”, - o deyib.
Qreta ötən ilin yazında Hollandiya polisi onu saxlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə də nankor münasibət bəsləyib. Yada salaq ki, XİN iqlim fəallarına sərbəst nümayişlər keçirmək imkanı verilməsinin vacibliyini bildirmişdi.
Rusiyadan qaz almadığı üçün kömür yandırmağa, AES-ləri yenidən işə salmağa məcbur olan bəzi Avropa ölkələrini nədənsə görməzdən gələn “iqlim dəyişikliyi fəalı” Qreta Tunberq bundan bir müddət əvvəl də Bakıdan “bütün siyasi məhbusların azad edilməsini” tələb edib.
Qreta Tunberqin ulduzu 2019-cu ildə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı ilə parlayıb. BMT tribunasından dünya liderlərini “onun uşaqlığını oğurlamaqda ittiham edən” isveçli ətraf mühit fəalının tezliklə kimlərinsə “danışan dili”, “maşası” olması barədə informasiyalar tirajlandı. Bir çoxlarında “Qreta Tunberqin arxasında kim dayanır, kim yönləndirir və bundan kimlər faydalanır” sualı yarandı.
Qretanın özü iddia edirdi ki, o, “yalnız özü üçün danışır” və heç kimin layihəsi deyil. Bütün bu piar işini onun uğursuz opera ifaçısı olan anası Malena Ernmanın düşündüyü də deyilir. O, dəfələrlə populyarlığının olmamasından şikayətlənib. Nəhayət, qadın psixi sağlamlığı yerində olmayan, emosional davranışına görə məktəbdən uzaqlaşan qızında yeni obraz yaradaraq məşhurluğa çatıb.
Bir çox mənbələr Qretanın Corc Sorosun “kuklası” olduğunu deyir. Bəs Avropadakı hazırkı fəlakətli ekoloji vəziyyəti görməzdən gələn Qretanın COP29 ərəfəsi “qaza gəlməsi” təsadüfi deyil. Aydındır ki, bu, Qretadan istifadə edən qüvvələrin işidir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında anti-Azərbaycan qüvvələrin getdikcə daha da cılızlaşdığını bildirdi: “Bir neçə gündən sonra Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına, COP29-a ev sahibliyi edəcək. Sözügedən tədbir qlobal müstəvidə kifayət qədər izlənilən və planetimiz üçün taleyüklü məsələlərin müzakirə olunacağı əhəmiyyətli bir platformadır. Çünki konfrans zamanı qəbul ediləcək qərarlar növbəti tədbirə qədər dünya ölkələrinin iqlim siyasətinin əsasını təşkil edəcək. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, hazırda anti-Azərbaycan qüvvələr, xüsusilə erməni lobbisinin fəal şəkildə təmsil olunduğu ABŞ və Fransa kimi ölkələrdə Azərbaycanın COP29-a ev sahibliyi ilə əlaqədar mənfi rəylər formalaşdırılmağa çalışılır. Biz hər gün müxtəlif istiqamətlərdən qarayaxma kampaniyalarının şahidi oluruq. Bu, sadəcə, ölkəmizin uzun illərdir üzləşdiyi ikili standartların növbəti dalğasıdır. Beynəlxalq təşkilatlar çərçivəsində istədiklərini əldə edə bilməyən həmin qüvvələr daha da cılızlaşaraq, indi də özünü ekofəal adlandıran 21 yaşlı Qreta Tunberqə möhtac olublar. Artıq heç kimə sirr deyil ki, o, bu kimi fəaliyyətləri müəyyən qonorar qarşılığında həyata keçirir. Əgər həqiqətən bu şəxs ekofəal kimi fəaliyyətində səmimi olsaydı, biz onu Laçın-Xankəndi yolunda Ermənistanın ekoloji terroruna qarşı keçirdiyimiz aksiyalar zamanı görərdik. Bu tip qərəzli yanaşmaların ardında birmənalı olaraq erməni lobbisi və regionda maraqları olan qüvvələr dayanır. Lakin bütün bunlar nəticəsi olmayan addımlardır və ölkəmizin yüksələn nüfuzuna kölgə salmaq iqtidarında deyil. Hər birimiz tam əminik ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə növbəti sədrliklərə doğru uğurla addımlayacaq”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın bu tədbiri ən yüksək səviyyədə keçirəcəyini qeyd etdi: “Azərbaycanda hər dəfə mötəbər beynəlxalq tədbirlər keçirilən ərəfələrdə qarayaxma, şantaj, iftira və böhran kampaniyaları artır. Azərbaycana qarşı olan qüvvələr həmin fürsətdən istifadə edərək ölkəni gözdən salmağa və keçirilən mötəbər tədbirlərin əhəmiyyətinə kölgə salmağa çalışırlar. Noyabrın 11-21 arası Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikləri konfransına, COP29-la da bağlı bəzi mənfur dairələrin eyni hərəkətlərinin şahidi olmaqdayıq. Bu qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən COP29-un siyasiləşdirilməsinə edilən cəhdlər, bundan təzyiq aləti kimi istifadə təşəbbüslərin bir mərkəzdən idarə olunduğu şübhə doğurmur. Özünü ekofəal adlandıran Qreta Tümberin hətta bu kampaniyaya cəlb edilməsi acizliyin əlamətidir. Azərbaycanı ləkələmək istəyən çevrələr o qədər zəifdirlər ki, Qretanın ümidinə qalıblar. Sizin də dediyiniz kimi, həmin Qreta Sorosun maliyyəsi ilə qidalanaraq müxtəlif ölkələrə ezam edilib təxribatla məşğul olur. Onun guya Gürcüstandakı ictimai-siyasi proseslərə hansı təsiri oldu ki? Gürcüstan müxalifətinə heç bir köməyi olmadı və ola da bilməzdi. Təbii ki, istər Qreta olsun, istərsə də onu maliyyələşdirənlər, məlumatlandıran və danışdıranların özləri olsunlar, Bakıda keçiriləcək COP29 konfransının işinə də mane ola, nə də tədbirin beynəlxalq əhəmiyyətinə də zərrə qədər kölgə sala bilməyəcəklər. Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək və burada qəbul olunan qərarlar da planetimizin qorunmasında mühüm rola malik olacaq. Aydındır ki, dünyanın diqqəti hazırda Azərbaycandadır və bu konfrans qlobal xarakter daşıdığından Qretaların cəhdləri də fiaskoya uğrayacaq. Sorosun maliyyəşdirdiyi siyasilərin və təşkilatların öz ölkələrində hansı fəsadları törətdiyi göz qabağındadır. Gürcüstanda, Ukraynada, indi də Ermənistanda və s. ölkələrdə yaranmış vəziyyət çox şeylərdən xəbər verir. Ermənistanın baş naziri Paşinyanla Qareta eyni məktəbin yetirmələridir. Görünür, Qretaya təlimat elə verilib”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”