AZ

Qələbənin əbədi öyüncü

Noyabrın 7-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi ölkə baçşısının xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir.

Alim qeyd edib ki, qədim və çoxəsrlik tarixə, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı çoxlu bayram və əlamətdar günlərə malikdir. Zəfər bayramı isə müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir.

Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan alim bildirib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıb. O, 1905, 1918–1920, 1948–1953-cü illərin deportasiya və soyqırımılarında azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığını, qırğınlara məruz qaldığını söyləyib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında yer alıb.

Akademik Rafael Hüseynov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda, ölkə başçımız beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Çıxışının sonunda akademik Rafael Hüseynov Zəfər Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını deyib, bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını vurğulayıb. O, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümü və müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü münasibətilə əməkdaşları təbrik edib.

Daha sonra muzeyin komparativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli və muzeyin nəzdində fəaliyyət göstərən Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr